Mixail Xaneke Kann Festivalının sevimli rejissorlarından biridi. Ya da əksinə - Kann Mixail Xanekenin sevimli şəhəri və sevimli festivalıdır. Rejissor, demək olar ki, bütün filmlərinin premyerasını burda keçirib, Kann da ona borclu qalmayıb. Xaneke heç vaxt burdan əliboş qayıtmayıb. Tənqidçilərin, tamaşaçıların mükafatlarını qazanıb, bu il isə 62-ci Kann kinofestivalında «Qızıl Palma budağı»na layiq görülüb. Əslində Mixail Xaneke, Kannın isti qumlu sahillərinə, qırmızı xalçasına çatana qədər uzun bir formalaşma, inkişaf mərhələsi keçib...
   
   Mixail Xaneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Xanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə- Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi «Liverpuldan sonra» filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub.
   İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. «Yeddinci qitə» filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib. Bu filmdə Xanekenin rejissor stilinin, hadisələrə baxış bucağının ilk elementləri cücərməyə başlayır. Rejissor özünəxas, sonrakı filmlərində inkişaf edərək daha genişlənəcək bir tərzdə - ekranda baş verənlərin kənardan, soyuq başla müşahidəsi - tamaşaçılara üç nəfərdən ibarət bir ailənin (ana, ata və qız) həyatını göstərir. Onların həyatlarında «qara zolaq» mərhələsidi. Birlikdə olanda, demək olar ki, heç kim danışmır. Sükutun səbəbləri açıqlanmır. Finalda ailə intihar eləyir. Niyə? Rejissorun bunu açıqlamaq fikri yoxdu, o, yalnız göstərir, danışmır. Çünki biz əhvalat danışanda istər-istəməz ona öz hisslərimizi, intonasiyalarımızı da əlavə edirik və bu, artıq kiminsə başqasının yox, bizim əhvalatımız olur... Hazırda bu cür yanaşmanı «Xanekenin üslubu» adlandırırlar. Rejissorun növbəti filmində - «Benninin videosu»nda (1992) bu üslub artıq tam təsdiqini tapmışdı. Filmin baş qəhrəmanı yeniyetmə Benninin otağı televiziya studiyası kimi təchiz olunub. Orda cürbəcür monitorlar, televizorlar, videomaqnitofonlar, kameralar var. Benninin yalnız bir ehtirası var - ikinci dərəcəli amerikan «boyeviklərinə» və «home video» tərzində çəkilmiş dəhşət filmlərinə baxmaq... Bu ehtiras onunla nəticələnir ki, oğlan təzəcə tanış olduğu qızı öldürür... Valideynləri bütün dəlilləri gizlədərək Bennini səyahətə göndərirlər. Səfərdən qayıdan Benni polisə gedib cinayətini etiraf edir. «Benninin videosu» Avropa Kinoakademiyasının «FİPRESSİ» mükafatına layiq görülüb.
   1994-cü ildə «Xronoloji təsadüflərdən ibarət 71 fraqment» filmiylə Xanekenin yaradıcılığının birinci mərhələsi başlayır. Filmdə müəllif öz qəhrəmanlarına son dərəcə soyuq münasibət bəsləyir. Film Beynəlxalq Kataloniya Festivalında «Ən yaxşı ssenari» və «Ən yaxşı film» nominasiyalarının qalibi olur.
   1997-ci ildə Mixail Xaneke ilk dəfə Kannın qırmızı xalçasına ayaq basır. Onun «Əyləncəli oyunlar»ı festivalın ən çox müzakirə olunan filmlərindən birinə çevrilir. Nümayiş zamanı tamaşaçıların əksəriyyəti ilə birlikdə rejissorun həmvətəni, Kannda «Zorakılığın sonu» filmiylə iştirak edən Vim Venders də salondan çıxır. Səkkiz ildən sonra onlar yenə də Kannda «qarşılaşacaqlar» - Xaneke «Kaşe», Venders isə «Döymədən girin» filmi ilə...
   «Əyləncəli oyunlar»dan sonra rejissor ssenarisini hələ 90-cı illərdə yazdığı «Canavarların zamanı» filmi üzərində işə başlayır. Lakin son anda yaranan maliyyə problemləri ucbatından layihə növbəti dəfə təxirə salınır. Məcburi işsizlik dövründə rejissor məşhur fransız aktrisası Jülyet Binoşa zəng eləyir və onunla işləmək istədiyini bildirir. Beləliklə, «Naməlum şifrə: bir neçə səyahətin yarımçıq hekayətləri» filminin sxemi cızılır (2000). Xaneke bu filmində «Xronoloji təsadüflərdən ibarət 71 fraqment»dəki priyomları cilalayır. Rejissor fraqmentar təhkiyə üsuluna müraciət edir. (Hər epizod bir plandan ibarətdir. Öz növbəsində hər planın uzunluğu da epizodun ölçüsündən asılıdır). Pərakəndə şəkildə nəql olunan bir neçə əhvalat sonda birləşərək müasir Fransanın, müasir Avropanın vahid mənzərəsini yaradır. M. Xaneke ilk dəfə sadəcə konkret bir insandan daha çox, cəmiyyətin problemlərindən danışırdı. «Naməlum şifrə» Kann festivalının müsabiqə proqramına daxil edilir və Ekumenik (xristian) Jürinin mükafatını qazanır.
   Bir ildən sonra isə Xaneke, «Pianoçu qadın» filmilə yenidən Kannın mavi sahillərinə qayıdır və bu dəfə ordan düz üç mükafat aparır - Qran-Pri, ən yaxşı kişi (Benua Majimel) və ən yaxşı qadın (İzabel Yüpper) roluna görə mükafatlar.
   «Pianoçu qadın» avstriyalı yazıçı Elfrida Elinekin romanı əsasında çəkilib. Orta yaşlı pionino müəlliməsi özündən xeyli cavan şagirdinə vurulur. Sevgisi, ehtirası artdıqca qadının gizli arzuları, fantaziyaları da üzə çıxır.
   Xaneke bu filmində «Avstriya əxlaqının (oxu- burjua əxlaqı)» iç üzünü açıb.
    Əgər 2001-ci ilə qədər Xaneke yalnız festivallarda tanınırdısa, Kanndakı zəfərindən sonra adı təkcə Avropada yox, ABŞ-da da məşhurlaşır. «Pianoçu qadın» bütün dünyanın kinoteatrlarında nümayiş olunur ki, bu, art-kino üçün çox böyük bir nailiyyət idi. Sadəcə, mükafat yox, həm də istədiyi layihəni çəkmək imkanı qazanan Xaneke «Canavarlar zamanı» filminin çəkilişlərinə başlayır.
   Anna (İzabel Yüpper) ailəsi birlikdə şəhərkənarı evinə gəlir və xoşagəlməz sürprizlə qarşılaşır. Evdə yadlar məskən salıb, çıxmaq fikirləri də yoxdu. Annanın həyat yoldaşı qəfil açılan güllənin qurbanı olur, özü isə uşaqları ilə birlikdə çöllükdə gizlənir.
   Film Kannın müsabiqə bölməsində iştirak edə bilmədi, çünki 2003-cü ildə münsiflər heyətinə sədrlik edən Patris Şero «Canavarların zamanı»nda çəkilmişdi. Ekran əsəri müsabiqədən kənar göstərildi və Xanekenin, demək olar ki, bütün əvvəlki işləri kimi ziddiyyətli reaksiyalar yaratdı. Kimlərsə film müsabiqəyə salınmadığı üçün heyfsiləndi, kimlərsə dedi ki, rejissor yerində saymağa başlayıb.
   Lakin Kann Mixail Xanekedən ötrü sehrli şəhər idi. İlk uğuru da, uğursuzluğu da burda dadmışdı. Ona görə də 2005-ci ildə Xaneke bir də Kanna gəldi. Bu dəfə o, «Kaşe» filmini gətirmişdi.
   Yenə də üç nəfərdən ibarət ailə - ata, ana və oğul. Hər iki valideyn media sahəsində tanınmış intellektuallardı. Səhər işə, axşam evə gedir, qonaq qəbul eləyir, pəncərədən baxır, yemək yeyirlər və sair. Bir sözlə, həyatlarında qeyri-adi, onları başqalarından fərqləndirən heç nə yoxdu. Amma kimsə gecə-gündüz bu sıravi həyatı videoya çəkib, onlara göndərir. Videokasetlərin sayı artdıqca tədricən, təsvirlərdə gərginlik yaranmağa, necə deyərlər, «sandıqlar açılıb, pambıqlar tökülməyə başlayır»...
    «Kaşe» - fransızca «gizli, xəlvət» deməkdir. Həmçinin kinematoqrafik termindi. Kadrın çərçivəsi kiçildilib, tamaşaçı ekranda yalnız kameranın ona göstərdiyini görür. Ekran açar deşiyini xatırladır. Sanki zalda oturan tamaşaçı xəlvətcə başqasının həyatını izləyir. Film tənqidçilərin favoritinə çevrildi, çoxları «Qızıl palma budağı»nın ona veriləcəyini gözləyirdi, lakin münsiflər heyəti başqa qərar verdi. «Kaşe» FİPRESSİ-nin və Ekumenik Jürinin mükafatlarını aldı, Xaneke isə festivalın ən yaxşı rejissoru adına layiq görüldü. İlin sonunda isə Avropa Kinoakademiyası «Kaşe»ni 2005-ci ilin ən yaxşı filmi elan etdi.
   Və nəhayat, 2009-ci il. 62-ci Kann... İkinci «Qızıl palma budağı»... Festivalın «qəhrəmanı» Mixail Xaneke və onun «Ağ lent» filmi oldu.
   «Ağ lent»də hadisələr Birinci Dünya müharibəsi ərəfəsində protestant Şimali Almaniyada baş verir və kilsə xorunda oxuyan uşaqlardan və yeniyetmələrdən bəhs edir. Xoru kənd müəllimi və uşaqların ailələri dəstəkləyir, maliyyələşdirir. Qəflətən baş verən sirli bədbəxt hadisə get-gedə cəza ritualına bənzəməyə başlayır.
   Özünə xilaf çıxmayan rejissor, həmişəki kimi, «Ağ lent»də də fərdlərin timsalında Avropa cəmiyyətinin problemlərini, qüsurlarını araşdırır.
   Mixail Xaneke antiburjua rejissorudur. O da həmvətəni yazıçı Elfrida Elinek kimi vətənində autsayderdi. Hər ikisinin yaradıcılığı Avstriyanın həm orta, həm də yuxarı təbəqəsində onlara qarşı kin yaradır. Çünki hər ikisi tez-tez birbaşa, ya da dolayısı ilə həmvətənlərinə xatırladırlar ki, Hitlerin və faşizmin vətəni məhz Avstriyadır. Hər ikisi yuxarı təbəqənin kütlüyünü, özündənrazılığını tənqid edir və heç vaxt güzəştə getmirlər. Amma Elinekin taleyi Xanekedən fərqlənir- Nobel mükafatını alandan sonra opponentləri səslərini kəsiblər. Xaneke isə faşizm meylli partiyanın lideri Yorq Hayderin seçkilərdə qələbəsinə protest olaraq daha vətənində film çəkmir, 2000-ci ildən etibarən Fransada işləyir. Dediyinə görə, «Fransada nəfəs almaq daha rahatdı». Amma rejissor yenə də güzəştə getmir. «Kaşe» filmində Xaneke fransızlara «hücum edir», Fransa tarixindəki bəzi rüsvayçı səhifələri, xüsusilə də çoxsaylı əlcəzairlinin ölümüylə nəticələnmiş 1961-ci il hadisələrini onların yadına salır.
   «Əsas məsələ onda deyil ki, mən zorakılığı necə göstərirəm, mən zorakılığı yox, ona münasibətdə tamaşaçının vəziyyətini özünə göstərirəm». Bu cümlə Xanekenin bütün yaradıcılığını xarakterizə edir. O, zorakılığı araşdıra-araşdıra əslində tamaşaçını tədqiq edir. Tamaşaçını tədqiq edərək müasir sosium barədə nəticələr çıxarır. Cəmiyyətə nəzər salır və orda zorakılıq görür. Dairə qapanır. Psixoloq və filosof Mixail Xaneke isə hamımız üçün xoşagəlməz verdiktlər çıxarmaqda davam eləyir.
   
   Aygün A.