O, «Bıdı» kimi yaddaşımıza yazıldı
   
   Bıdı deyəndə, yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm yaranır və bu səhnələr qeyri-ixtiyari gözlərimiz önündə canlanır: “Ayaqlarım yanır e...”, “Qələmim pis yazır”, “Mətanət bacı, Mətanət bacı”...
   
   Bu həftə kinomuzun «Bıdı»sı ilə də əbədi vidalaşdıq. Yaratdığı tənbəl xarakteri ilə tamaşaçıların yaddaşında möhürünü vurmuş Fərhad İsmayılov, uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat etdi.
   O, ixtisasca şərqşünas olsa da, özünəməxsus aktyorluq istedadına malik idi. Onun “Kazbek qutusu” “Mozalan” süjetindəki Məmişovun oğlunu, “Bir qalanın sirri”ndə Bıdısını ortaq nöqtədə birləşdirən “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi idi. “Kazbek qutusu”nda tipik müdir oğlunu yaradan Fərhad zəmanəmizin “ana uşaqları”na bənzəyir. Nədənsə, hər zaman bu obraz “Bəsdir, ağlama” filmindəki erməni və bir də “Şərikli çörək” filmindəki mürəbbə yaxılmış çörəyi ləzzətlə yeyən uşağı xatırladır. Filmdə əsir düşmüş azərbaycanlılara acıq verirmiş kimi çörəyi ağzına ötürən kök oğlanla («Bəsdir ağlama»), “Kazbek qutusu”ndakı arsız, dünyadan bixəbər, qarınqulu Məmişovun oğlu arasında xarakter bənzərliyi var.
   “Bir qalanın sirri” ekran əsərində “Daha bu gündən mən də sizdən qorxmuram” - deyib, Göygöz Kosanın çubuğunu görər-görməz geri çəkilən, gülüş doğuran Bıdı tamaşaçıda ona qarşı ikrah, nifrət yox, əksinə qəribə bir rəğbət hissi yaradır. Ona əks xarakter olan Hadı obrazıyla müqayisədə Bıdı tənbəl olduğu qədər də dinamikdir. Bu rol film boyunca dəyişən xətt üzrə inkişaf edir. Belə ki, əlini ağdan qaraya vurmayan, beyninin yox qarnının qulu olan, qorxaq Bıdı filmin finalında 180 dərəcə dəyişərək (bu yalnız nağıllarda ola bilərdi), məhz tamaşaçının film boyu gözlədiyi cəsur, ibrət götürüləcək qəhrəmana çevrilir.
   Bu gün kinomuzda onlarla belə “Bıdı”lar vardır ki, ictimaiyyətin diqqətindən kənarda qalıb. Hansı ki, yaratdıqları rollar hələ də tamaşaçıların yaddaşında yaşayır və onların sözləri el arasında zərb-məsəllərə çevrilib. “Mədəniyyət” qəzeti olaraq özümüzə bir borc kimi “Yaxın-uzaq adam” layihəmizdə belə adamları yenidən gündəmə gətirməyi vacib bilərək qollarımızı çirməyib işə başlamışıq. Təəssüf, Bıdını həmin rubrikada oxucularla görüşdürməyə gecikdik. Beləcə, yaddaşımızın bir köşəsinə sığınan «sevimli tənbəlimiz»lə görüş elə tənbəl arzudan nisgilə köçdü.
   
   Yeganə CANSAİL