Yusif Şeyxov: “Əsas məqsədimiz son illər istehsal olunan filmləri tamaşaçılara təqdim etməkdir”
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 6-dan 10-a kimi respublikanın müxtəlif yerlərində son illər istehsal edilmiş milli filmlərin nümayişi keçiriləcək. “Azərbaycan Kino Həftəsi” proqramının əsas məqsədini aydınlaşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun münasibətini öyrəndik. Kino həftəsinin keçirilməsinin əhəmiyyətindən danışan sektor müdiri Bakıda, bölgələrdə, islah əmək düşərgələrində və hərbi hissələrdə nümayişi nəzərdə tutulan filmlərin əsasən vətənpərvərlik və tərbiyəvi xarakter daşıdığını vurğuladı: “Sözsüz ki, əsas məqsədlərimizdən biri də son illər istehsal olunan filmləri tamaşaçılara təqdim etməkdir. Bunun üçün film göstəriləcək ərazilərdə tədbirin reklam-plakatları yapışdırılıb. Dəvətnamələr tərtib olunub. Rayon mədəniyyət şöbələrindən burada xüsusi təlimatlandırılmış insanlar bu işləri yerinə yetirəcək. Seansları da onlar özləri təyin edəcəklər. Çünki təlimatlandırılmış şəxslər rayondakı iş sisteminə uyğun proqramı daha yaxşı bilirlər”.
   Həmsöhbətimiz bölgələrdəki texniki problemlərdən danışdı: «Bölgələrdəki kinoteatrlarımız lazımi səviyyədə olmamasına baxmayaraq, mədəniyyət evlərinin əksəriyyətində videoproyektor sistemi mövcuddur. Gəncə istisna olmaqla, rayon və şəhərlərimizin əksəriyyətində sovet dövründə tikilən kinoteatrlar bərbad vəziyyətdədir. Bu kinoteatrlarda film göstərmək mümkün deyil. Ona görə də biz filmləri video formatda yayımlamaq məcburiyyətindəyik. Hərbi hissələrdə və islah əmək düşərgələrində də filmlər bu yolla yayımlanacaq».
   Yusif Şeyxov nümayiş olunan filmlərin məkanlara görə seçildiyini də bildirdi: “Digər yerlərdən fərqli olaraq, hərbi hissələrdə “Cavad xan”, islah əmək düşərgələrində “Niyyət”, qadın islah əmək düşərgəsində isə “Məhkumlar” adlı bədii filmlərin nümayiş etdirilməsi planlaşdırılıb”.
   
   İntiqam Hacılı