Titsian Veçellio 1480-cı ildə Alp dağlarının ətəyində, Pyave çayının sahilində yerləşən Kadore şəhərciyində Veçelli ailəsində anadan olub. 10 yaşına çatdıqda , gözəl qabiliyyətə və iti ağıla malik olduğuna görə o, Venesiyada yaşayan və böyük hörmətə sahib olan dayısının yanına göndərilmişdi. Titsianın rəssamlığa böyük meylini görüb dayısı onu məşhur rəssam Covanni Bellinonun yanına göndərir. Bellinonun rəhbərliyi altında şəkli tədqiq edərək, Titsian tezliklə rəssamın sənəti üçün lazım olan təbiətdən gələn istedadı özündə kəşf edir.
  
   Bir müddət sonra 1507 - ci ildə Kastelfrankoda yaşayan rəssam Djorjoni ilə tanış olur. Onun texnikasını və üslubunu öyrənən Titsian öz üzərində çox çalışdı və qısa zamanda öz müəllimindən yaxşı rəsmlər çəkməyə başladı. Titsian çoxlu sayda freskalar işləyir. Onlara baxdıqda təcrübəli insanlar hələ o vaxtdan Titsianın dahi rəssam olacağını qabaqcadan xəbər verirdilər. Titsian zadəgan Barbariqo ailəsindən olan dostunun portretini çəkir, o şəkil ona populyarlıq qazandırır, çünki çox təbii və inamlı alınmışdı. Titsian yaxın dost tanışlarının şəkillərini məharətlə çəkir. Onun çəkdiyi rəsmlərə baxanlar onları diri kimi qəbul edirdi. Titsian bütün ömrü boyu ən çox portret janrlarında işləyib. Əksi kətana köçürülən insanlar çoxdandır ki, əbədiyyətə qovuşublar, ancaq onların üzləri və adları Titsianın “qızıl fırçasını”n sayəsində indidə yaşayır.
    Titsianın çəkdiyi qadınların portretində eşq, coşqun ehtiras və sevgi duyulurdu. İmperatorların, kralların, papaların, hersoqların, dojların təsvirində poeziya və reallıq, təntənə və faciə, idealizm və daxili dolğunluq əks etdirilib. Titsian 100 - dən çox portretin müəllifidir. O vaxtı elə sayılırdı ki, Titsian sənin şəklini çəkibsə, deməli, sən ölməzliyə qovuşmusan. Titsiana sağ ikən “rəssamların kralı və kralların rəssamı” adı verilmişdi. Titsianın mifoloji janrlarla bağlı çoxlu əsərləri var. İtaliyanın çox kilsələrini onun ilahi mövzuya çəkilən şəkilləri bəzəyir. Titsianın əsərlərini minlərlə başqa rəssamlar surətini çəkiblər, ancaq onun rəsmlərindəki rənglərdən süzülən ilahi parıltını heç kəs təkrar edə bilməyib.
   Titsian 100 -yaşa qədər yaşayıb. Ömrünün axırına qədər aydın zehni, iti görmə qabiliyyətini saxlamışdır. Ömrünün axırıncı günü o özünün ən yaxşı əsərlərindən birini - “Pyeta” rəsmini çəkib qurtarır və şəkilin aşağı hissəsində “Titsian etdi” sözlərini yazır. Allaha həsr edilmiş axırıncı əsəri Titsianın vəsiyyətinə görə onun dəfn ediləcəyi kiçik kilsənin divarından asılmalıdır. İşini bitirdikdən sonra qoca rəssam böyük qonaqlıq üçün hazırlanmış masanın arxasında əyləşdi. Lakin ziyafət masasının arxasında o tək idi. Titsian öz müəllimlərini, dostlarını, müasirlərini yada salır və onlarla vidalaşırdı. İlk müəllimi Covanni Bellini, yaşlı vaxtında şəkillərini tələbə kimi öyrənən dahi Mikelancelo, və Rafael, Djorjoni - öz həm yaşıdı və rəssam dostu, imperator V Karl - qəddar, müzəffər sərkərdə, Arefino - ən yaxın və vəfalı dost. Titsian ona əziz olan bu insanların ruhları ilə vidalaşdı. Lakin qabağındakı süfrəyə əl uzatmadı. O dünyadan köçən dostlarına qovuşdu. Titsian Veçellio Kadore bütün xalqların ən dahi rəssamlarından biridir. İtaliyanın Renessans dövründə yaşayıb yaradan Leonardo da Vinçi, Mikelancelo, və Rafael, Titsianla birlikdə “4 nəhənglər” adını qazanan şəxslərdi.