Rəssam Əbülfəz Fərəcoğlunun yaradıcılığı barəsində qeydlər...
   
   Bu gün rəngkarlıq və qrafika əsərləri ilə Azərbaycan rəssamlığını qardaş Türkiyədə ləyaqətlə təmsil edən Əbülfəz Fərəcoğlu (Cabbarov) ilə qədim İstanbulda görüşlərimiz onun yaradıcılığının özünəməxsus məziyyətlərini görüb, dəyərləndirməyə imkan verdi. Tanışlıq üçün deyək ki, 27 illik yaradıcılıq yolu Naxçıvan, Bakı və İstanbul kimi üç qədim şəhərdən keçib. Birinci onu dünyaya bəxş edib, ikincisində təhsil alıb, sonuncu isə yaradıcılıq arzularını qanadlandırmağa imkan verib. Çox vaxt yaradıcılıq üçün məkanın fərqliliyi təsirli məqam sayılmasa da, hər halda, doğma torpaq amilinin bu məsələdə önəm kəsb etməsi etiraf olunandır.
   
    Əbülfəz Fərəcoğlunun 1997-ci ildən ürəyində Bakı və Naxçıvan sevgisi yaşatmaqla nağıllar şəhəri İstanbulda iç dünyasını və həsrətini sərgiləməsini də bunun təzahürü hesab etmək olar. O, bu tarixi şəhərə üz tutmamışdan əvvəl onun akvarellə poetik portretini yaradan şair dostu Adil Mirseyid də rəssamın alın yazısını oxuyurmuş kimi:
   “ ...sən bir gözəl ulduzdan
    yer üzünə yenəndə
   peşman olmamısansa
   yenə peşman olma
   Tanrı sənin dostundu
   kimsəyə düşmən olma”.
   misraları ilə ona xeyir-dua vermişdi. Başqa sözlə desək, şair də ona bu xaotik dünyamızdakılardan yüksəkdə durmağı arzulamışdı. Çünki o da rənglər dünyasına tapınan rəssamın potensialına bələd idi və onun reallaşmasını arzulayırdı. Onunla dostluğa çevrilmiş çoxillik tanışlığımızın nəticəsi kimi əminliklə deyə bilərəm ki, o, öz missiyasını dəqiq dərk edənlərdəndir. Bu səbəbdən də onun üçün bəlkə də Naxçıvanda və Bakıda yox, bilavasitə İstanbulda yaşamaq bir o qədər çətin deyil. «Bəlkə»ni də ona görə deyirəm ki, onun gözəl ailəsi -xanımı və balaları Bakıdadır. Bu fiziki ayrılığın yaşantıları asan olmasa da, məlum və başadüşüləndir. Ancaq müstəqillik dövründə Türkiyəyə üz tutan əksər rəssamlarımızdan fərqli olaraq, Əbülfəz Fərəcoğlunu orada qalmağa məhkum edən yalnız maddi amil deyıl. Belə olsaydı o, çoxdan geri dönmüş olardı. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Ə.Fərəcoğlu Türkiyədə çalışan elə azsaylı azərbaycanlı sənətkarlardandır ki, yaradıcılığı ilə aldadıcı və cəlbedici sənət bazarına yox, əslində çox sərt və amansız olan sənət yarışması meydanına köklənib.Özü də özünün on iki illik Türkiyə həyatında o, bu köklənməni elə bir ritmə yüksəldə bilib ki, onun dayanması və yaxud buna cəhdlər xoşagəlməz nəticələr də verə bilər. Etiraf edək ki, onun yaradıcılığının Türkiyə dövründə milli təsviri sənətimizi zənginləşdirə bıləcək çox maraqlı rəngkarlıq və qrafika əsərləri yaranmışdır. Bunu həmin nümunələrin daşıdığı tutumlu bədii-estetik dəyərlər də təsdiqləyir...
   Ondan başlayaq ki, Əbülfəz Fərəcoğlu yaradıcılığının əvvəlindən bu günə kimi iki sahədə - rəngkarlıq və qrafikada eyni uğurla çalışan rəssamlardandır. Akvarellə işləməyi çox vaxt rəssamlar yaradıcılığının ancaq ilkin mərhələsi üçün vacib sayırlarsa da, Əbülfəz Fərəcoğlu bu sahəyə vurğunluğunu davamlı olaraq yaratdığı gözəl əsərlərlə sərgiləməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, rəssamın lövhələrində bu iki fərqli sahənin sintezi, uğurlu vəhdəti duyulmaqdadır. Akvarelin yaxı improvizələrinə geniş imkan verən texnika olduğunu nəzərə alsaq, deməliyik ki, bu bədii-texniki vasitənin imkanlarını yağlı boya texnikasına tətbiq edən Əbülfəz Fərəcoğlu çox effektli və duyğulandırıcı nəticə, görüntü almağa nail olmuşdur.
   Bəri başdan deyək ki, təsviri sənətə hələ ki yeni mövzu gətirilməyib. Bir-iki məqamı çıxsaq, bu sahənin, ümumiyyətlə, incəsənətin mövzuları demək olar ki, dəyişilməzdir. Tamaşaçıları hər dəfə heyrətləndirən məhz rəssamların bu əbədi mövzulara yeni yanaşması, fərqli rakurs, baxış nöqtəsi tapa bilməsidir. Bilavasitə yaradıcı rəssamlara yönəli “Hamı baxır, amma hamı görə bilmir” deyimi bu mənada Əbülfəzin hər bir əsərində cəmlənib, desək, yanılmarıq. Onun süjetli tablolarında analitik şərh kifayət qədər duyulandır. “Balıq başlı insanlar”,”Yürüyən zaman”, “Dostlar”, “Düşüncə”, “Dialoq”, “Səyyah”, “Eşq”, “Sultan”, “Şahbalıq”, “Ehtiras” və s. süjetli kompozisiyalarında insanı bütün ömrü boyu izləyən psixoloji yaşantılar o dərəcədə obrazlaşıb ki, istər-istəməz tamaşaçını duyğulandırmaqla yanaşı, həm də düşündürür. Rəssamın həm də reallıqdan qaynaqlanan bədii ümumiləşdirmələri, stilizə və deformasiyaları rəng və yaxı improvizələrinə bələdçiliyindən nəticə etibarılə kifayət qədər fəlsəfi məzmunlu, romantik ovqatlıdırlar. Yox, bu lövhələrdə dünyamız yalnız ilk baxışda, özü də zahirən bir qədər irreal görünür, mahiyyətcə isə çox real, məna-mıəzmunca isə daha sərt, bəzi hallarda isə ifşaedici, qınayıcıdır. Məhz rəssam bu irreallıqla tamaşaçını inandırır ki, dünyamız çoxqatlı, sirli-soraqlı, yəni görünən qədər də görünməyəndir. Onların bəsirət gözünü açmağı bir sənətkar borcu hesab edən rəssamın bu mənada özündən bir vətəndaş kimi razı qalmağa haqqı da çatır. O, demək istədiyini təsvirə çevirməklə nəticə çıxarmağı bizlərin üzərinə qoyur. Nəticə çıxarılıbmı və yaxud çıxarılacaqmı? Bu önəmli sualın gündəlıyə gətirilməsini də müəllifin uğuru hesab etmək olar...
   Rəssamın yağlı boya texnikasında işlədiyi portret, mənzərə və natürmortları da məna-məzmun yükünə görə yaddaqalandır. Süjetli tablolarda olduğu kimi digər janrlarda çəkdiyi əsərlərdə də semantikaya meylliliyi duyulandır. Bu da ilk növbədə onun dərin fikir ifadəçisi olmasından irəli gəlir. Həyat hadisələrindən davamlı olaraq heyrətlənməyi bacaran Ə.Fərəcoğlu təqdim etdiyi bədii görüntülərə də tamaşaçını seyrçi kimi dəvət etmir, onları hər gün tuş gəldiyi reallıqdakı həqiqətlərə bu günə kimi göz yummasına özünü qınamağa güc də tapdırır. Onun öz yaşantılarına zamanın psixoloji çətirinin kölgəsini salmağa nail olmağındandır ki, hələ də bizimlə qoşa addımlamaqda olan problemlər bir qədər də üryan görünür, tamaşaçının fikirlərini cəmləyir, duyğularını qanadlandırır.
   Ötən qısa zaman kəsiyində vahid estetik konsepsiya çərçivəsində Əbülfəz Fərəcoğlunun yaradıcılıq üslubunun xüsusiyyətləri də yaranmışdır. Onun əsərlərində rəngin və plastik formanın obraza çevrilməklə qoşalaşması ən səciyyəvi bədii şərh vasitəsidir.Bütün bunlarsa onun əsərlərini sənətsevərlər üçün arzulanan etmiş, tabloları bədii-estetik dəyərinə görə soraqlanan yaradıcılıq nümunələrinə çevrilmişlər. Elə əsərlərinin müxtəlif muzey və şəxsi kolleksiyaları bəzəməsi də bunun göstəricisidir. Bu da rəssamın seçdiyi yolun düzgünlüyünü təsdiqləyir.
   1997-ci ildən İstanbulda yaşayan Ə.Fərəcoğlu burada yaradıcılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğuldur. O, vaxtaşırı tələbələri ilə birgə sənətsevərlər qarşısında hesabat verir. Onun hər il yeni əsərlərini fərdi sərgidə göstərməsi artıq ənənə şəklini alıb. Bu vaxta qədər Türkiyə ilə bərabər, onun İran, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə əsərləri uğurla nümayiş olunmuşdur. Bu ,günlərdə İstanbulda növbəti sərgisi keçiriləcəkdir. Əbülfəz Fərəcoğlunun sənətsevərlərlə yeni görüşünün yaddaqalan olacağına əminliyik...
   
   Ziyadxan ƏLİYEV