Türkiyənin Mersin Opera və Balet Teatrında 12-ci TÜRKSOY Opera Günlərinin açılışı olacaq. Türkdilli ölkələrdən 18 opera müğənnisinin iştirak edəcəyi sənət bayramında Azərbaycanı respublikanın əməkdar artisti Fidan Hacıyeva təmsil edəcək. Builki opera günləri YUNESKO-nun Mədəni irsi siyahısına daxil edilmiş və bu təşkilat tərəfindən 2008-ci ildə 500 illik yubileyi qeyd olunmuş məşhur qazax dastanı “Kız Jibek”ə (“İpək qız”) həsr edildiyindən, əsas ifaçılar da Qazaxıstandan olacaq. Mersin, İstanbul və Şimali Kiprin Girnə şəhərində nümayiş etdiriləcək eyniadlı operadan sonra Azərbaycan, Qırğızıstan, Şimali Kipr, Tatarıstan və Başqırdıstandan gəlmiş sənətçilər dünya klassiklərinin əsərlərindən ariyaları səsləndirəcəklər. Xatırladaq ki, ötən il keçirilmiş 11-ci TÜRKSOY Opera Günləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuşdu.