Beynəlxalq uşaq rəsm müsabiqəsi başa çatıb
   
   Dekabrın 9-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dostluğun sehri” adlı I Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin sərgisi keçirildi. Bu tədbiri təkcə sərgi yox, həm də uşaqların sənət bayramı adlandırmaq olardı. Hər tərəf gözəl bəzədilmişdi, uşaqların üzündə dünyaya sığmayan sevinc duyğusu aydınca sezilirdi.
   Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirə xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr də qatılmışdı.
   Giriş sözü söyləyən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti müsabiqə haqqında iştirakçılara bilgi verdi. Bildirdi ki, beynəlxalq yarışmada 11 ölkənin uşaqları iştirak edərək dünyaya dostluq mesajı çatdırıblar. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov müsabiqənin önəmini vurğuladı, kiçik rəssamlara yeni uğurlar arzuladı. 
   Bildirək ki, müsabiqəyə 11 ölkədən (Azərbaycan, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Qazaxıstan, Latviya, Misir, Moldova, Türkiyə və Ukrayna) 480 rəsm əsəri göndərilib. Onlardan 90-nı birinci, ikinci, üçüncü, 26 rəsm isə həvəsləndirici yerlərə layiq görülüb. Bir rəsm əsərinə isə münsiflər heyətinin xüsusi mükafatı verilib. 
   Təqdim olunan əsərləri nüfuzlu imzalar dəyərləndiriblər. Xalq rəssamları, akademik Ömər Eldarov, Səlhab Məmmədov, Fuad Salayev, Ağəli İbrahimov, Arif Hüseynov, professor Azad Zeynalov yarışmanın münsiflər heyətinə daxildirlər. 
   Sərgidə gənc rəssamların 200-ə qədər rəsm əsəri ayrı-ayrı bölmələrdə ölkələr üzrə nümayiş olundu. Qaliblərin medal və diplomları ölkələrinin Azərbaycandakı səfirliklərinin əməkdaşlarına təqdim edildi. 
   Tədbir musiqili-bədii hissə ilə başa çatdı. Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiyanı təqdim etdi. 
   
   S.Qaliboğlu