Azərbaycan təsviri sənət salnaməsində Xalq rəssamı Oqtay Sadıqzadənin məxsusi yeri, imzası var. Onun Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalar, qəhrəmanın mənəvi aləminin yüksək professionallıqla əks olunduğu portretləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.
   Oqtay Sadıqzadə 21 fevral 1921-ci ildə Xızıda tanınmış yazıçı, tənqidçi, pedaqoq Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində dünyaya göz açıb. Yaradıcı mühit onun həyata baxışına və sənət seçiminə müəyyən təsir edir. Erkən çağlardan rəssamlığa maraq göstərir. Orta təhsilini başa vurduqdan sonra sənədlərini Bakı Rəssamlıq Texnikumuna verir. Atası 1937-ci ildə həbs olunur, bir il sonra güllələnir. 
   1941-ci ildə 20 yaşlı Oqtay da həbs olunur və sürgünə göndərilir. O illəri xatırlayan sənətkar müsahibələrinin birində deyib: “Altay diyarına sürgün olundum. Qazma daxmalarda yaşayırdıq. Havalar çox soyuq keçirdi. Bir qazmada 250 adam yaşayırdı. Düz 5 il belə şəraitdə yaşadım. Rəssamlar İttifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərin rəhbərliyinə məktubla müraciət edir. Qayıtmağımla bağlı xahiş edir və yazır: “O, bizə lazımdır”. Həmin məktubun böyük köməyi oldu. Sürgündən azad olaraq 1946-cı ildə Bakıya qayıtdım”.
   Bakıya gələn rəssam kitab qrafikası ilə məşğul olmağa başlayır və nəzərəçarpacaq uğurlar qazanır. Sonra Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qrafika ixtisası üzrə qəbul olunur. 1956-cı ildə təhsilini başa vurur və “Azərnəşr”də bədii redaktor vəzifəsinə təyin edilir.
   O, ilk yaradıcılıq işində Nizami Gəncəvinin əsərlərinə müraciət edir. “Fitnə” uşaq kitabına çəkdiyi illüstrasiyalar məktəblilərin marağına səbəb olur. Görkəmli rus yazıçısı İ.Turgenevin “Atalar və oğullar” kitabına (1949) çəkdiyi silsilə illüstrasiyalar gənc rəssamı respublika ictimaiyyətinə yaxından tanıdır. Daha sonra V.Hüqo, O.Balzak, M.Qorki, M.F.Axundzadə, H.Cavid, C.Cabbarlı, R.N.Güntəkin və digər görkəmli yazarların ədəbi qəhrəmanlarının yaddaqalan obrazlarını yaradır. Ə.Xaqani, Q.Təbrizi, İ.Nəsimi, X.Natəvan, Heyran xanım və digər şairlərin poeziyası onun əsərlərində canlanır. 
   Rəssama şöhrət gətirən əsərlərindən biri də “Nizami Gəncəvi və dünya mədəniyyəti” monumental silsiləsidir. “Antik filosoflar”, “Nizaminin sələfləri”, “Nizaminin xələfləri” və “Nizami və Avropa mədəniyyəti” adlı ekspozisiya Azərbaycan təsviri sənətinin qiymətli nümunələrindən hesab olunur. Müəllif ciddi sənətkarlıq məharəti və gərgin zəhmət tələb edən bu əsər üzərində 6 il işləyib.
   Görkəmli sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzlərinin daimi eksponatlarına çevrilib. Onun yüksək sənətkarlığı ilə səciyyələnən tabloları Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
   Rəssam 2000-ci ildə Drezdendə yaşayan incəsənət həvəskarı və rəngkarlıq kolleksiyasının sahibi, tibb elmləri doktoru, professor Mario Marrenin portretini çəkib. Professor rəssama göndərdiyi məktubunda yazır: “...Sizin əsərinizə baxarkən heyran oldum... Mən portretə baxarkən mənəvi aləmimi, ruhumu gördüm”. 
   O.Sadıqzadənin tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərlər sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib. Təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnən bu əsərlər incəsənət tariximizdə özünəməxsus yer tutur.
   Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkar təsviri sənətin inkişafında xidmətlərinə görə Dövlət mükafatına, Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. 
   Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə vəfat edib.

  Savalan Fərəcov