Azərbaycan
   
   21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.
   21 dekabr 1916 - Yazıçı Süleyman Vəli oğlu Vəliyev (1916 - 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.
   21 dekabr 1922 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 - 6.4.1989) anadan olub. 
   21 dekabr 1923 - Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
   21 dekabr 1927 - Görkəmli heykəltəraş, Xalq rəssamı, AMEA-nın akademiki Ömər Həsən oğlu Eldarov Dağıstanın (Rusiya) Dərbənd şəhərində anadan olub. Bir çox görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
   
   22 dekabr 1898 - Rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
   22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
   22 dekabr 1911 - Tanınmış jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. Jurnalist kadrların hazırlanmasına böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub. 
   22 dekabr 1920 - Yazıçı, kinodramaturq, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin, ssenarilərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
   22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
   22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 - 21.4.2005) Naxçıvanda doğulub. 
   
   23 dekabr 1911 - Tanınmış şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib. 
   23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 - 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.
   23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 - 30.3.1993) anadan olub.
   23 dekabr 1945 - Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Televiziya tamaşalarına və filmlərə ("Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Mezozoy əhvalatı" və s.) musiqi yazıb.
   23 dekabr 1945 - Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 - 21.8.2015) anadan olub.
   23 dekabr 1946 - Xalq artisti, Prezident təqaüdçüsü, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
   23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Əsərləri: «Şah Abbas», “Balıq adam”, “Metro vadisi” (romanlar), “Labirint”, “İki nəfər üçün oyun” (pyeslər) və s.
   
   Dünya
   
   21 dekabr 1639 - Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
   21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
   21 dekabr 1840 - Türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s. 
   21 dekabr 1917 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s. 
   
   22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub. 
   22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
   
   23 dekabr 1858 - Məşhur rejissor, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
   23 dekabr 1931 - SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 - 20.8.2015) anadan olub. “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Baharın on yeddi anı”, “Piliqrim” kapitanı” və s. filmlərə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan