Yanvarın 25-də Londonda Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini elan etmək üçün ilk tədbirini keçirəcək. Bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mətbuat xidmətindən məlumat verilib.
   2016-cı ilin sentyabrında təsis edilən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun ilk tədbiri dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Viktoriya və Albert Muzeyində keçiriləcək. Tədbirdə Londondakı diplomatik korpusun nümayəndələrinin, yerli işgüzar dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.
   Tədbirdə 2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin layihəsi olan nəşr - məşhur şərqşünas və nizamişünas Yevgeni Bertelsin 1940-cı ildə yazdığı “Dahi Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə tərcüməsi barədə məlumat da veriləcək.
   Fond, eyni zamanda, Azərbaycanın qədim Bərdə şəhərində Oksford Universiteti Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılmasına dəstəyini ifadə edəcək. Tədbirdə professor Robert Hoylandın rəhbərlik etdiyi elmi-arxeoloji ekspedisiyanın nəticələri və tapıntılar ictimaiyyətə təqdim ediləcək.