Azərbaycan
    
   25 yanvar 1887 - Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 - 6.1.1938) Bakıda doğulub. 20-30-cu illərdə bu gün də təravətini saxlayan, maraqla oxunan hekayələri ilə tanınıb. Repressiya qurbanı olub. 
   25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir.
   
   26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
   26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib. Bir sıra mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub. “Şöhrət” ordeni ilə təltif olunub.
   26 yanvar 1942 - Filologiya elmləri doktoru, professor, tanınmış jurnalist Cahangir Əbdüləli oğlu Məmmədli Ağdamın Novruzlu kəndində doğulub. 50 ilə yaxındır BDU-nun Jurnalistika fakültəsində pedaqoji fəaliyyət göstərir. Jurnalistikaya dair kitabların müəllifidir. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.
   26 yanvar 1971 - Xalq artisti, müğənni Aygün Kazımova Bakıda anadan olub. 
   
   27 yanvar 1806 - Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.
   27 yanvar 1906 - Görkəmli tarixçi Sara Aşurbəyli (1906 - 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub. 
   27 yanvar 1939 - Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət) Qazax rayonunda anadan olub. 
   
   Dünya
    
   25 yanvar 1759 - Şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
   25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
   25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
   25 yanvar 1882 - İngilis yazıçısı Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
   25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnıları ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 - 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. 
   
   26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
   26 yanvar 1925 - Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.
   
   27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
   27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
   27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər” “Həyatın təfərrüatı” və s.
   27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”) müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan