Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Malayziyada təbliği məqsədilə Kuala Lumpurda “Discover Azerbaijan” videoçarxının təqdimat mərasimi keçirilib.
   Təqdimat mərasimində çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunları və 2016-cı ildə təşkil olunmuş “Formula 1” yarışları barədə danışıb. Səfir malayziyalıları 2017-ci ildə paytaxtımızda gerçəkləşəcək IV İslam Həmrəyliyi Oyunlarında yaxından iştirak etməyə dəvət edib.
   Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın (OISCA- International) Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli malay dilində “Azərbaycanı kəşf et” adlı videoçarxın ərsəyə gəlməsində və təqdimatın keçirilməsində köməyə görə Azərbaycan hökumətinə, QHT-lərə Dövlət Dəstəyi Şurasına, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinə və Azərbaycanın Malayziyadakı səfirliyinə minnətdarlığını bildirib.
   Sonra “Discover Azerbaijan” videoçarxının təqdimatı keçirilib. Tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, mətbəxi haqqında buklet və jurnallar, “Discover Azerbaijan” videoçarxının DVD diskləri hədiyyə olunub.