Məlum olduğu kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, eləcə də nazirliyin 15 Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. 
   Yeni strukturlar 2017-ci ildən fəaliyyətə başlayıb. Bununla bağlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, mədəniyyət və turizm idarələrinə rəis təyinatları həyata keçirilib.
   Müvafiq əmrə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin (Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında), Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edir), Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayonları) təyin edilib.
   Həmçinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin (Şəki şəhəri, Oğuz, Qax, Zaqatala və Balakən rayonları), Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin (Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları), Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin (Ağstafa, Qazax və Tovuz rayonları), Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin (Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonları) rəisi vəzifəsinə təyin olunub.
   Bundan əlavə, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin (Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonları), İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin (Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Tərtər rayonları), Rza Quluyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin (Ağcabədi, Ağdam və Laçın rayonları) rəisi təyin edilib.