Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
   
   Naxçıvandakı Bəhruz Kəngərli adına sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
   Müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
   Müsabiqənin yekun nəticəsinə görə, ali təhsil müəssisələri üzrə Naxçıvan Dövlət Universitetinin tələbələri İsmayıl İsmayıllı I, Çimnaz Gözəlova II, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülşad Quliyeva isə III yerə layiq görülüblər. Orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Axtər Sadiqova I yeri, Könül Mərdanova II yeri, Naxçıvan Tibb Kollecinin tələbəsi Aysun Rzayeva isə III yeri tutub.
   Müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.