Şəhid komandir haqqında kitab işıq üzü görüb
   
   “Aprel döyüşləri” - 2016-cı il aprelin 1-dən 4-dək Qarabağda ordumuzun xüsusi təyinatlılarının işğalçı erməni quldurlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı Azərbaycanın hərb tarixində şərəfli yer tutur. Həmin döyüşlərdə şəhid olan qəhrəman hərbçilərimizdən biri də polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovdur.
   Vaxtilə cəbhənin ən çətin və mürəkkəb istiqamətində - Murovdağda kəşfiyyatçı kimi göstərdiyi igidliklər hələ sağlığında onun haqqında əfsanələrin yaranmasına səbəb olub. Orduda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi hərbçilər arasında dərin hörmət və ehtiram qazanıb.
   Yeni çapdan çıxmış “Murov qartalı” kitabı da şəhid polkovniklə birgə xidmət etmiş, döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olmuş hərbçi dostlarının, həmçinin ailə üzvlərinin xatirələri əsasında yazılıb. Kitabın müəllif və tərtibçiləri tanınmış jurnalistlər Elşən Əliyev və Elxan Salahov, redaktoru Müsəllim Həsənovdur. Nəşrin ərsəyə gəlməsinə “Azİmport” MMC yardım edib.
   Kitab əfsanəvi kəşfiyyatçının həyat və döyüş yolundan bəhs edən oçerklərdən ibarətdir. Müəlliflər qəhrəmanı yaxından tanıyan insanların xatirələri işığında bu yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıblar. Nəşrə ötən aprel-avqust aylarında Raquf Orucov haqqında bir sıra nüfuzlu qələm sahiblərinin çap və elektron mediada dərc etdirdikləri məqalə və oçerklər də daxil edilib. Şəhid zabitin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduqca təsirli esse və xatirələr isə bunların arasında xüsusi yer tutur.
   Kitaba əlavə edilmiş 32 səhifəlik fotoalbomda igid kəşfiyyatçının müxtəlif illərdə çəkdirdiyi, həmçinin onun xatirəsinə həsr olunmuş anım tədbirlərində lentə alınmış şəkillər toplanıb.