Azərbaycan 
   
   10 fevral 1828 - Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. 
   10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir. 
   10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
   10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.
   
   11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914 - 22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
   11 fevral 1920 - Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
   11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub. 
   11 fevral 1930 - Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı Bakıda anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyində baş elmi işçi, 1979-cu ildən 2012-ci ilədək C.Cabbarlının ev-muzeyinin direktoru işləyib.
   11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərində çəkilib.
   
   12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
   12 fevral 1912 - Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 - 12.3.1969) anadan olub. Tibb İnstitutunun binası, “Ulduz” metro stansiyası və s. memarlıq layihələrinin müəllifidir. 
   12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 - 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.
   12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
   12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 - 23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir. 
   12 fevral 1933 - Xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 - 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub. Opera və Balet Teatrının solisti olub.
   
   13 fevral 1910 - Filologiya elmləri doktoru, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır. 
   13 fevral 1956 - Xalq artisti Gülbacı İmanova Bakıda anadan olub. Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının professorudur.
   13 fevral 2009 - Xalq şairi, dramaturq, ədəbiyyatşünas, professor, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
   
   14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (1925 - 2.5.2005) anadan olub. 
   14 fevral 1940 - Azərbaycan televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) Gülnaz roluna çəkilib. Uzun illər Milli Kitabxanada çalışıb.
   14 fevral 1945 - Yazıçı-publisist İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində doğulub. 30 ilə yaxın Azərbaycan radiosunda çalışıb, “Bulaq”, “Dan yeri” və s. verilişlərin redaktoru olub.
   14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildən gündəlik efirə çıxıb.
   14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.
   
   Dünya
    
   10 fevral 1837 - Rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poema), "Boris Qodunov", "Motsart və Salyeri" (pyes), “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” (povest) və s.
   10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım mənim - həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
   10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”, “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s. 
   
   11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
   11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
   11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.
   
   12 fevral 1809 - İngilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
   12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
   12 fevral 1881 - Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
   
   13 fevral 1769 - Rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
   13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
   13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
   13 fevral 1903 - Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub. Komissar Meqre haqqında əsərləri ilə məşhurlaşıb.
    
   14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
   14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
   14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspressi”, “Mələk ürəyi” və s. filmləri çəkib, Kann festivalının qalibi olub.
   
   Hazırladı: Vüqar Orxan