Rəssam deyir ki, istənilən belə əsəri yaratmaq üçün təbiətdə hər rəngdə və çalarda daş var
   
   Güney Azərbaycandan olan rəssam soydaşımız Sabir Baqqal Asqari dənizdən və çaylardan topladığı təbii, kiçik və müxtəlif daşlardan fərqli janrlarda əsərlər yaradır. 
   O, 1977-ci ildə Təbrizdə doğulub. 1996-cı ildən rəssamlıq sənətilə ciddi şəkildə məşğul olmağa başlayıb və “SAV” mədəniyyət mərkəzini açıb. İndi “Təbriz” incəsənət mərkəzinin rəhbəridir. Eyni zamanda “Miras” və “Bünyad” incəsənət mərkəzlərində gənclərə təhsil verir. Soydaşımız həm də gözəl rəngkar və qrafik olduğu üçün o tayda çıxan “Şəmsi-Təbriz”, “Azərtürk”, “Məhdi Azadi”, “Körpü”, “Aftabi Azərbaycan”, “Heydərbaba” dərgilərilə də əməkdaşlıq edir. Onu Təbrizdə kitab rəssamı kimi də yaxşı tanıyırlar. Belə ki, rəssam bir çox kitablara illüstrasiyalar çəkib. 
   Sabir bəyin əsərləri indiyə kimi dünyanın 150 ölkəsində sərgilənib. 2009-cu ildə o, yeni yaratdığı texnika üçün müəlliflik hüququ haqqında sənəd alıb. 
   Rəssam 2002-ci ildən daşlarla sənət əsərləri yaratmaqla məşğuldur. Kiçik daşlardan düzəldilən bu əsərlər ilk baxışda dünyada yayğın olan smalta - mozaika texnikasına bənzəyir. Ancaq belə daşlar sənaye yolu ilə süni şəkildə yaradılır. Ölkəmizdə bu texnika ilə işlənmiş ən gözəl əsərlər “Nizami” metro stansiyasındadır. Onları Xalq rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Sankt-Peterburqdan gəlmiş ustalar yığıblar. 
   Sabir bəy isə əsərləri üçün ən xırda təbii daşları özü axtarıb tapır. Hamısının bir boyda olması üçün onları öncə xəlbirdən keçirir, sonra rənglərə ayırır. Ardınca isə daşları yapışqanla taxtaya bərkidir və daşları boyamır. O deyir ki, istənilən belə əsəri yaratmaq üçün təbiətdə hər rəngdə, çalarda daş var. 
   Soydaşımızın əl işlərini görən ilk baxışda onların daşdan yaradılmasına inana bilmir. Ona görə ki, əsərlər böyük ustalıqla, incəliklə, yüksək zövqlə yaradılıb. Özü də sənətkar çoxfiqurlu kompozisiyalı əsərləri işləməkdən çəkinmir. Belə əsərlərdən biri xalq qəhrəmanı Səttarxanın silahdaşları ilə birlikdə çəkilmiş tarixi fotosu əsasında yaradılıb. Daşlardan ibarət əsər sanki fotonun özüdür.
   Rəssamın ilk əsərini Təbriz Məşrutə Muzeyi alıb. İndi nəinki İranın, dünyanın müxtəlif şəhərlərindəki muzey və özəl kolleksiyalarda onun əsərləri yer almaqdadır. Onun böyük şairimiz Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi əsərin ölçüsü 6 kvadratmetrdir. Rəssamın ən böyük əsəri isə Təbriz şəhərinin girişində yaratdığı 60 kvadratmetrlik 30 azərbaycanlı şəhidin portretindən ibarətdir. Təbrizdəki Mafaxr parkında (Fəxri insanlar parkı) onun işləri yer alır. Burada əsasən Güney Azərbaycanın ən tanınmış şəxsiyyətlərinin daşdan düzəldilmiş portretləri sərgilənir. Onlarla bir arada böyük şairimiz Mirzə Ələkbər Sabirin portreti də var.
   
   S.Qaliboğlu