Yaranmış həmin nəsə yaşayırsa, deməli, onun yaşaması da zərurətdir, kimlərəsə gərəkdir. Bunun gərəkli olduğunu bilənlərin sayının az, ya çox olması önəmli deyil. Çünki gərəkli olanı harada axtarmağın lazım olduğunu bilənlər həmişə sayca az olub. Təxminən 28 il əvvəl qədim türk yuğlama və dünya teatr ənənələrinin seçmə qovuşuğundan yaranan “Yuğ” teatrı dövrün tarixi hadisələri fonunda, milli özünüdərk prosesinin bir hissəsi kimi ortaya çıxdı. Bu gün qısa da olsa, öz tarixi olan, öz yaradıcılıq sistemi ilə sənət yoluna davam edən teatrın cəmiyyətin, xüsusilə yaradıcı, ziyalı təbəqəsini düşündürən, ruha qida verən sənət ocağı missiyasını daşıyır. 
   Fevralın 20-də İnisiativ Kuratorlar Birliyi (İCU) və "Yuğ" teatrı sənətsevərləri Müasir İncəsənət Mərkəzində "Reallığın 28 çaları" sərgisinin açılışına toplamışdı. Sərginin təşkilində məqsəd Azərbaycanda müstəqil, kökə bağlı teatr və sənət düşüncəsinin inkişaf dinamikasını bu il 28 yaşını qeyd edəcək "Yuğ" Dövlət Teatrının yaradıcılıq yolunun timsalında göstərmək idi. 
   Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab" təşkilatının layihəsi çərçivəsində keçirilən sərgi hər hansı teatrın keçdiyi yol, yaxud oynadığı tamaşaların şəkil və afişalarından ibarət standart sərgi deyildi.
   Sərginin açılışında çıxış edən İCU üzvü, "Azərbaycanda mədəniyyət laboratoriyasının yaradılmasına texniki dəstək layihəsi"nin koordinatoru Könül Rəfiyeva və "Yuğ" Dövlət Teatrının direktoru Tərlan Rəsulov belə layihələrin insanların teatra daha da yaxınlaşmasına xidmət etdiyini söylədilər. 
   Açılış mərasimindən sonra qonaqlara teatrın müxtəlif tamaşalarından fraqmentlərin videoinstallyasiyaları təqdim olundu. Arzu edənlər teatrın afişalarına, tamaşalardan fotoşəkillərə baxır, arxiv sənədləri ilə tanış olurdular. Üstəlik, teatrın aktyoru Qasım Nağının maraqlananlara hər şəklin, sənədin tarixçəsi barədə xatirələrini dinləyirdilər. 
   
   G.Mirməmməd