Müxtəlif yaş qrupuna və kateqoriyaya aid oxucuları etibarlı, innovativ və operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə Prezidentinin sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında mobil kitabxana proqramı hazırlanaraq kitabsevərlərin istifadəsinə verilib.
   Oxucular “Mobil kitabxana” - vBooks proqramını “Play market”dən (play.google.com/store/apps/details?id=az.itstandard.vbooks) ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləyə bilərlər.
   “Mobil kitabxana” proqramının elektron məlumat bankına 5000-dən çox kitab - siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair milli və xarici ədəbiyyat daxil edilib.
   Proqramda baza üzrə sərlövhə və müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı və ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada və ona lazım olan kitabları bazadan seçərək şəxsi rəfində yerləşdirə bilər. 
   Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq və ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın internetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.
   Bu mobil proqram vasitəsilə oxucular zaman və məkandan asılı olmayaraq, müxtəlif sahələri əhatə edən, mütəmadi yenilənən və çoxspektrli məlumat bazasına çıxış əldə edəcəklər.