Azərbaycan
    
   11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib, tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib. 
   11 mart 1958 - Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.
   
   12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906 - 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Ələmdən nəşəyə”, “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.
   12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Bir çox şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
   12 mart 1936 - Yazıçı-publisist Əmir Gülbala oğlu Mustafayev (1936 - 27.7.2007) anadan olub.
   12 mart 1942 - Fəlsəfə elmləri doktoru, ictimai xadim, AMEA-nın akademiki, Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü Əfrand Firudin oğlu Daşdəmirov (1942 - 7.4.2015) Bakıda anadan olub. 
   
   13 mart 1899 - Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 - 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildə Azərbaycan Milli Dram Teatrında fəaliyyətə başlayıb. “Görüş” filmində (Çayçı) çəkilib.
   13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   13 mart 1928 - Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub.
   13 mart 1935 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Arif Allahyar oğlu Hacıyev (1935 - 15.4.2000) anadan olub.
   13 mart 1938 - SSRİ hökuməti müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. 
   13 mart 1994 - Görkəmli aktyor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 - 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.
   
   14 mart 1919 - Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub. 
   14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Əsərləri: "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (roman), "Ağ liman", "Əlaqə" (povestlər), “Şəhərin yay günləri" (pyes) və s. “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərin ssenari müəllifi, "Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” filmlərinin rejissorudur. Milli Məclisin deputatı (1995-2005) olub. 1991-ci ildən Yazıçılar Birliyinin sədridir.
   14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı qəsəbəsində anadan olub.
   14 mart 1992 - Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib. 

   Dünya
    
   11 mart 1544 - İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub. 
   11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub. 
   
   12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
   12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
   12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
   12 mart 1946 - Amerika aktrisası, müğənni Layza (Liza) Minnelli anadan olub. “Kabare” filmində roluna görə “Oskar” mükafatına (1972) layiq görülüb.
   
   13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
   13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
   13 mart 1910 - Türk yazıçısı Kamal Tahir Dəmir (1910 - 21.4.1973) anadan olub. Solçu dünyagörüşü ilə tanınıb. “Əsir şəhərin insanları”, “Yeddiçınar yaylası”, “Yorğun savaşçı”, “Dövlət ana”, “Qurd qanunu” və s. romanların müəllifidir.
   13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.
   
   14 mart 1681 - Alman bəstəkarı, musiqişünas Georg Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
   14 mart 1804 - Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
   14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub. 
   
  Hazırladı: Vüqar Orxan