Martın 14-də “1969 qalereyası”nda gənc rəssam Həmid Məhərrəmovun “Transformasiya” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgidə rəssamın minimalizim və ekspersiya modernizm janrında 20-yə yaxın əsəri sərgilənir.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, rəssam özündə müasir Azərbaycan incəsənətinin xarakterik cəhətlərini əks etdirir. Qeyd etdi ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı Böyükağa Mirzəzadədən və Əməkdar rəssam Fərman Qulamovdan sənətin sirlərini öyrənməsi Həmid Məhərrəmovun yaradıcılığının formalaşmasına öz müsbət təsirini göstərib. Vurğulandı ki, rəssamın yağlı boya ilə çəkilmiş “İçərişəhər”, “20-ci ölçü”, “Göy türk”, “Şaman”, “Reinkarnasiya”, “Kəndin mənzərəsi”, “Osmanlı padşahı gənc Osman”, “Quba mənzərəsi” kimi tabloları bədii-estetik tutum baxımdan diqqətçəkən sənət nümunələridir. 
   Nazir müavini çıxışının sonunda ilaxır çərşənbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi, rəssama gələcək fəaliyyətində uğurlar arzuladı.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgi müəllifinin öz daxili aləminin obrazlarını vizuallaşdırması və mücərrəd tamaşaçı ilə dialoq qurmasından bəhs etdi. Bildirdi ki, rəssam daha çox daxili aləmin simvollarının rasional dərki üçün minimal cəhd göstərməklə, şüuraltı obrazları və görüntülərin ilkin formasını saxlamaqla tamaşaçıya təqdim edir. 
   Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular.
   Qeyd edək ki, Həmid Məhərrəmov 1980-ci ildə Salyan rayonunda rəssam ailəsində dünyaya göz acıb, sənətə olan həvəsi də bu mühitdə yaranıb. Rayon Rəsm qalereyasında sənətin sirlərini öyrənib, orta məktəbdə oxuyarkən sərgilərdə iştirak edib. Sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və ADRA-nın Rəngkarlıq fakültəsində təhsil alıb. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri Polşa, Türkiyə, Gürcüstan və Fransada şəxsi kolleksiyalarda saxlanılır.
   
   Fariz Hüseynov