Çinin Quycou vilayətində dünyanın ən böyük radioteleskopu FAST (The Five hundred meter Aperture Spherical Telescope) turistlərin pulsuz ziyarəti üçün açıq elan edilib.
   Dağlıq ərazidə yerləşən radioteleskop ötən ilin sentyabrında istifadəyə verilib. Teleskopun normal fəaliyyəti üçün 5 kilometr radiusda mobil rabitə dalğaları blok edilib. Teleskopu ziyarət etmək istəyən turistlər mobil telefonları, rəqəmli fotoaparatları və digər elektron cihazları saxlama məntəqəsinə təhvil verməlidirlər. Buna baxmayaraq, ərazidə turistlərin ölkədaxili zəngləri üçün pulsuz telefon köşkləri quraşdırılıb.
   Sinxua agentliyi bildirir ki, ilkin mərhələdə hər gün 2 min turist teleskopu yaxından görmək imkanı qazanacaq. Diametri 500 metr, perimetri 1,6 kilometr olan nəhəng teleskopun inşasına 2011-ci ildə başlanılmışdı. Layihə 173 milyon dollara başa gəlib.