Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qarşısında duran vəzifələrdən biri xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə dərs vəsaitlərinin tərtib olunub nəşr etdirilməsidir. Martın 29-da BXA-nın İctimai fənlər kafedrasının müəllimləri tərəfindən hazırlanmış dərslik və tədris proqramlarının təqdimatı ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə BXA-nın, AMEA-nın müvafiq institutlarının, digər ali sənət təhsili müəssisələrinin əməkdaşları iştirak edib.   
   İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova açılış sözündə akademiyanın rəhbərliyi tərəfindən yaradılmış elm, təhsil və sənət mühitinin müəllimlərin daha böyük həvəslə çalışmasına zəmin olduğunu vurğulayıb. Təqdim edilən dərs vəsaitləri və proqramları bunun bariz nümunəsidir. 
   Sonra nəşrlərin təqdimatı keçirilib. Onların arasında bakalavr pilləsi üçün hazırlanmış “Səhnəqrafiya tarixi” fənninin proqramı (Azərbaycan və rus dillərində), bakalavr pilləsi üçün “Balet tarixi” fənninin proqramı, “Azərbaycan balet teatrına tarixi nəzər” adlı dərs vəsaiti, “Müasir xoreoqrafiya tarixi”, “Postmodernizm və müasir incəsənət”, “Teatr və balet tarixi” fənlərinin proqramları və digər dərs vəsaitləri var.
   Professor M.Manafova qeyd edib ki, kafedranın fəaliyyəti dövründə 12 fənn proqramı, 3 dərs vəsaiti çap olunub, daha bir neçə fənn proqramları çapa hazırlanır.
   BXA-nın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova, elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova, AMEA Memarlıq və İncəsənət İnstitutunun İncəsənət şöbəsinin müdiri, professor Rəna Məmmədova, Bakı Musiqi Akademiyasının professoru İmruz Əfəndiyeva, BXA-nın Azərbaycan dili kafedrasının müdiri, dosent Vəfa Əliyev və digərləri çıxış edərək ilk dəfə Azərbaycan dilində kütləvi şəkildə nəşr olunan tədris vəsaitlərinin əhəmiyyətindən söz açıblar.