Qazaxıstanın Almatı şəhərində keçirilən "IV Əl-Fərabi və müasirlik" forumunda ABŞ, Almaniya, Hollandiya, Rusiya, Misir, Türkiyə və başqa ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
   Əl-Fərabi adına Milli Universitetin təşkil etdiyi forumda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşı, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı iştirak ediblər. Forumun açılışında böyük mütəfəkkir və filosof Əbu Nəsr Əl-Fərabi yaradıcılığının dünya elmi-fəlsəfi düşüncəsinə, dünyagörüşünə verdiyi töhfələrdən söz açılıb.
   Bölmə iclaslarında B.Əhmədli "Əl-Fərabi və Azərbaycan təsəvvüf poeziyası", N.Əbdülrəhmanlı "Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələri" mövzularında məruzə ilə çıxış ediblər. 
   Forum aprelin 18-dək davam edəcək.