“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə bu mötəbər turnirin yayım hüququnu əldə edən 34 ölkənin müvafiq şirkətləri arasında razılıq əldə olunub.
   Əməliyyat Komitəsindən bildiriblər ki, elan olunan razılığa əsasən, bütün yayım şirkətləri mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərini canlı yayımlayacaq, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram hazırlayacaqlar. Həmçinin həmin şirkətlər Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması, Oyunlar haqqında iki saatlıq proqramlar zamanı eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar.
   Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union - “ASBU”) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.
   “TV Media Sport” (TVMS) Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. TVMS 12 ölkənin yayım şirkətləri qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb. Bundan əlavə, “Bakı-2017” Türkiyənin TRT kanalı ilə müqavilə imzalayıb.