Aprelin 14-də Milli İncəsənət Muzeyində Xalq rəssamı Altay Hacıyevin rəngkarlıq və qrafika əsərlərindən ibarət fərdi sərgisinin açılışı keçiriləcək. Sərgidə rəssamın Azərbaycanın muzey və qalereyalarındakı rəngkarlıq və qrafika əsərləri nümayiş etdiriləcək.
   A.Hacıyev 1931-ci il aprelin 2-də rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. Müxtəlif illərdə sərgiləri keçirilib. 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə “Humay” mükafatı ilə təltif olunub. 2003-cü ildən Prezident təqaüdçüsüdür.
   Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. 
   * * *
   Aprelin 14-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Xatirə Həsənzadənin qrafika əsərlərindən ibarət “XXI əsr Nuhun gəmisi” adlı fərdi sərgisi açılacaq. Bildirək ki, X.Həsənzadə Xalq şairi Nəriman Həsənzadənin qızıdır. Sərgi ayın 21-dək davam edəcək. 
   * * *
   Aprelin 17-də isə İstanbulda yaşayan soydaşımız rəssam Lətafət Məmmədovanın türkiyəli həmkarı Afife İlhanla birlikdə “Baharın rəngləri” adlı sərgisi keçiriləcək. 
   Sərgidə rəssamların rəngkarlıq əsərləri nümayiş etdiriləcək. Sərgi ayın 30-a qədər davam edəcək. L.Məmmədova mərhum Xalq rəssamı Hafiz Məmmədovun qızıdır. 
   * * *
   Aprelin 18-də Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda yerli rəssam Sabir Məmmədovun sulu boya əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisi sənətsevərlərə təqdim olunacaq. S.Məmmədov başlıca olaraq sulu boya çəkir və mis üzərində döymə sənətilə məşğul olur. 
   
   Soltan