Finlandiyada azərbaycanlı rəssamın sərgisi açılıb
   
   Finlandiyada yaşayan azərbaycanlı rəssam Çingiz Abbasovun “Möhtəşəm Bakı” adlı sərgisi açılıb. Rəssamın yaşadığı Hyameenlinna şəhərində Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin dəstəyi ilə təşkil olunan sərgidə onun “Qız qalası”, “İçərişəhər”, “Müasir bulvar” və başqa əsərləri nümayiş etdirilir.
   Çingiz Abbasovun beynəlxalq karyerası 90-cı illərin əvvəlindən başlanıb. Rəssamın Avropada və ABŞ-da sərgiləri təşkil edilib, onun işləri bütün dünyada çoxsaylı şəxsi kolleksiyalara və dövlət kolleksiyalarına daxil edilib.
   “Hyameenlinna xəbərləri” qəzetində sərgiyə həsr edilmiş “Bakı ilə tanışlıq” sərlövhəli məqalə dərc olunub.
   Qəzetdə qeyd edilir ki, Sankt-Peterburqda rəssamlıq təhsilinin yüksək səviyyəsi və çoxillik iş təcrübəsi Çingizin əsərlərində öz əksini tapır. Məqalədə vurğulanır ki, Çingiz Abbasovun “Magnificent Baku” adlı kitab-albomundakı mistik obrazlar ona qəlbən yaxındır. Kitab-albomda toplanmış 102 əsərdə müasir və köhnə Bakının mənzərələri təsvir edilib.
   “Magnificent Baku” kitab-albomu ABŞ Konqresi kitabxanasının kataloquna daxil edilib. Çingiz Abbasov deyir ki, doğma Bakı mənzərələrini geniş auditoriyaya təqdim etmək bir rəssam kimi onun borcudur.