Azərbaycan
   
   10 may 1926 - Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə), "Doğma sahillər" bədii filmlərinin ssenari müəllifidir. 
   10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqatların müəllifidir. 
   10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond mədəniyyət, elm, təhsil, səhiyyə, idman və ekologiya sahəsində layihələr həyata keçirir. Mədəniyyət və incəsənətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. 
   
   11 may 1906 - "Bakinski raboçi" qəzeti nəşrə başlayıb. 
   11 may 1915 - Heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvi (Bakıda və Gəncədə), Səməd Vurğun, "Azad qadın" heykəllərinin müəllifidir. 
   11 may 1935 - Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 - 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.
   11 may 1955 - Xalq artisti, kinoaktyor Şamil Kamran oğlu Süleymanov Bakıda anadan olub. Çəkildiyi filmlər: “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması”, “Mahmud və Məryəm”, “Dolu” və s.
   
   12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, populyar mahnıların ("Oxu, tar", "Qurban adına", “Həkim qız" və s.) müəllifidir. Azərbaycan Televiziyası və Radiosunun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub. 
   12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925-1979) Ermənistanın Alaverdi rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. 
   12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib. 
   12 may 2011 - Rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 - 2011) vəfat edib. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildən yaratdığı Yuğ Teatrına rəhbərlik edib. “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s. filmlərdə çəkilib. 
   
   Dünya 
   
   10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
   10 may 1937 - Tacik aktyoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib. 
   
   11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” romanını italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib. 
   11 may 1904 - İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizmin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
   11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Portağallar qış meyvələridir” və s. romanların müəllifidir.
    
   12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s. 
   12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.
   
   Hazırladı: Vüqar Orxan