Ədibə Musayeva Azərbaycanın ən tanınmış xalçaçılarındandır. Onun toxuduğu xalçalar dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda, dövlət xadimlərinin, məşhur adamlarının evlərində saxlanılır. O, 40 ildir xalça toxuyur, xalçaçılığı ömrünün mənası bilir. Heç vaxt özünü başqa sənətdə görməyib. Ona görə hər zaman bu sənətin çətinliklərinə də dözüb, qatlaşıb. 
   Ədibə xanım Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Lahıcda doğulub. Bu sənətə gəlişi adi həvəsdən başlasa da, sonradan coşqun yaradıcılığa çevrilib. Onun bu sənətə gəlməyində böyük bacısı, xalçaçı Nüşabə Eybalıyevanın xidmətləri çox olub. Bacısı ona xalçaçılığın sirlərini öyrədib, hər zaman yardımçısı olub. Ədibə xanım 7 yaşından xalça sənətini öyrənməyə başlayıb. 11 yaşında Leninin portretini toxumağa başlayıb, iki ilə sona çatdırıb. 
   1981-ci ildə Ədibə xanımın həyatında dönüş ili olur, görkəmli sənətkar, Xalq rəssamı Lətif Kərimov onun işlərini bəyənir, çalışmaq üçün öz emalatxanasına dəvət edir. Bu əməkdaşlıq böyük ustad həyatdan gedənədək davam edir.
   Ə.Musayeva: “Lətif müəllim mənim istedadımı, zövqümü duyub öz yanına çağırdı. Mən ondan çox şey öyrəndim. Uzun illər onun İnşaatçılar prospektindəki emalatxanasında xalça toxudum. Məni təhsil almağa qoymadı. Dedi ki, bilirəm, təhsil alandan sonra xalça toxumayacaqsan. Rəssam çoxdur, bizə yaxşı toxucu gərəkdir. Onun məşhur ”Əsrlərin nəğməsi” xalçasını da mən toxumuşam. Burada insan və heyvan təsvirləri çoxdur. 1989-cu ildə bu əsəri beynəlxalq sərgiyə aparmışdılar”.
   Xalçaçının toxuduğu ən böyük əsərlərdən biri də rəssam Fəxrəddin Əlinin 20 Yanvar hadisələrinə həsr etdiyi “Şəhidlər” xalçasıdır. Xalça həmin hadisələrin birinci ildönümü münasibətilə hazırlanıb. 
   L.Kərimovun vəfatından sonra Ə.Musayeva “Lətif” şirkətində çalışmağa başlayıb. Burada da çoxlu xalçalar toxuyub. 1996-cı ildə onun həyatında daha bir dönüş baş verir. Məşhur xalçaçı, Xalq rəssamı Kamil Əliyev onu işləmək üçün rəhbərlik etdiyi “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə dəvət edir. Tam 20 il - istehsalat birliyinin əsasında "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılanadək burada çalışır. 
   Ə.Musayeva son 20 ili yaradıcılığının ən məhsuldar və yaddaqalan dönəmi adlandırır. Bu müddətdə o, Azərbaycan xalçaçılığının ən gözəl örnəklərinin yaradılmasında böyük işlər görüb. Müsahibim etiraf edir ki, toxuduğu xalçaların say-hesabını bilmir. 
   Deyir ki, xalça toxumaq kollektiv işidir. Burada hərənin öz işi var. Bəs Ədibə xanımı başqa toxuculardan fərqləndirən başlıca özəlliyi, bacarığı nədir? Onun ən böyük istedadı portret xalçalarda insan üzünü olduğu kimi, dəqiq və incə şəkildə toxuya bilməsidir. Buna görə də 40 illik fəaliyyəti dönəmində demək olar, daha çox bu işi yerinə yetirib: “İnsan üzünün dəqiq verilməsi çox çətindir. Həm Lətif Kərimov, həm də Kamil Əliyev bu işi mənə tapşırardılar. Başqa toxucuların da zəhmətləri çox olurdu. Ancaq onlar əsərin başqa yerlərini toxuyurdular. İnsan üzünün dəqiq oxşadılması çox vaxt aparır”.
   Xalçaçı Ə.Musayevanın doğrudan da bacarıqlı portret ustası adlandıra bilərik. O, dünyanın məşhur siyasi xadimlərinin portretini toxuyub. Həmin portretlər rəsmi səfərlər zamanı sahiblərinə təqdim olunub. O, ABŞ-ın keçmiş prezidenti və xanımı Bil və Hillari Klintonlar, Barak Obama, Səudiyyə Ərəbistanının keçmiş kralı Əbdül Əziz, Fransanın keçmiş prezidentləri Jak Şirak, Nikola Sarkozi, Rusiya prezidentləri Boris Yeltsin, Vladimir Putin, Dmitri Medvedyev, Ukraynanın keçmiş prezidenti Lionid Kuçma, Türkiyə prezidentləri Əhməd Necdət Sezər, Rəcəb Tayyib Ərdoğan, Gürcüstan prezidenti Mixeil Saakaşvili, eləcə də başqa dövlət və hökumət başçılarının xalça portretlərini uğurla yaradıb. 
   Ədibə xanım bir neçə il fransız qobelen ustası Mirey Lipedlə əməkdaşlıq edib, ona Azərbaycan xalçasının sirlərini öyrədib. Bu əməkdaşlıq nəticəsində 2001-ci ildə Ə.Musayevaya Fransaya sərbəst gedib-gəlmək üçün üçillik viza verilib. Xalçaçı xanım orada da fransızların diqqətini çəkib, xalça sənəti ilə bağlı ustad dərsləri keçib.
   Ömrünün 40 ilini xalçaçılığa vermiş usta hazırda işləməsə də, həyatının mənasını yenə xalçalarda, naxışlarda görür.
   
   S.Qaliboğlu