Mayın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə “Hədəf: bahar” adlı mənzərə fotosərgisi açılıb. Fotosərgi Azərbaycan təbiətinin gözəlliklərinə, bölgələrimizin landşaft müxtəlifliyinə həsr olunub.
   Sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, məqsəd Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Layihə həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etmək məqsədi daşıyır. 
   Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlkin Kəngərli, Emil Qazi və Denis Sveçnikovun Azərbaycan baharının ən gözəl anlarını əks etdirən fotoşəkilləri nümayiş olunur. Məhz bu layihə üçün fotoqraflar yaz mövsümünün ən gözəl anlarını əks etdirmək məqsədilə ölkənin regionlarına üz tutublar.
   Sərgi iyunun 2-dək davam edəcək.