Azərbaycan
   
   15 avqust 1832 - Görkəmli şairə Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. 
   15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran, Sumqayıt teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında, filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb. 
   
   16 avqust 1925 - Xalq şairi, dramaturq Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. Azərbaycanın şimal və cənuba bölünməsindən bəhs edən "Gülüstan" poeması (1959) ilə tanınıb. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub. 
   16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub. 
   16 avqust 1936 - Filosof-alim, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 - 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir. 
   16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenari müəllifidir.
   
   17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. 
   17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Helsinki (1962) dünya tələbə festivalının laureatı, Kann (1968) və Sopot (1969) mahnı müsabiqələrinin qalibi olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 - 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. 
   17 avqust 1950 - Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
   17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib. 
   17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub. Latış və kumık folklorundan dilimizə tərcümələr edib. 
   
   18 avqust 2006 - Prezident İlham Əliyev “Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.
   
   19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. "Qız qalası", "Almaz" filmlərində çəkilib.
   19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. "Məhəbbət", "Partizan Aliyə", "Ana ürəyi" poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
   19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Q.Qarayev, F.Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir. 
    
   20 avqust 1901 - Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
   20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
   20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb. 
   20 avqust 1932 - Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 - 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub. "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin müəlliflərindən biridir.
   20 avqust 1940 - Rəssam, memar, Əməkdar incəsənət xadimi Elturan Vəli oğlu Avalov Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.
   
   21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 - 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
   
   22 avqust 1922 - Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal ifaçılığının banisi Bülbülün ömür-gün yoldaşı olub. Sənətkar haqqında kitabların məqalələrin müəllifidir. Uzun illər Bülbülün memorial muzeyinin direktoru işləyib. "Şöhrət" ordeni (2007) ilə təltif edilib. 
    
   23 avqust 1922 - Tarixçi alim, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 - 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.
   23 avqust 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycan Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayon mərkəzini - Cəbrayıl və Füzulini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib. Cəbrayıl rayonun ərazisi 1050 kv km, işğaldan öncə əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun Cocuq Mərcanlı kəndindən savayı bütün ərazisi (95 kənd) işğal altındadır. Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) 1993-cü ilin payızında bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Arazboyu kəndləri və Horadiz qəsəbəsini düşməndən azad etdi. Hazırda rayon ərazisinin üçdə ikisi işğal altındadır.
   
   Dünya
   
   15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s. 
   15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkan” və s.
   15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
   
   16 avqust 1902 - Rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
   16 avqust 1934 - Fransız aktyoru Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
   16 avqust 1954 - Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
   16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyon) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy” mükafatı qazanıb.
   16 avqust 1987 - Məşhur rus aktyoru Andrey Mironov (8.3.1941 - 1987) vəfat edib. “Brilyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.
   17 avqust 1941 - SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.
   17 avqust 1943 - Amerika aktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
   
   18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı) və s.
   
   19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.
   19 avqust 1909 - Polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”. 
    
   20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
   20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.
   
   21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
   21 avqust 1997 - Rus aktyoru, SSRİ Xalq artisti Yuri Nikulin (18.12. 1921-1997) vəfat edib. Moskva Sirkinə rəhbərlik edib. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.
   
   22 avqust 1862 - Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
   22 avqust 1920 - Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-6.6.2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.
    
   23 avqust 1851 - Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.
   23 avqust 1880 - Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
   
   Hazırladı: Vüqar Orxan