Burada iki milyondan çox eksponat qorunur
   
   Nyu-Yorkdakı Metropolitan Muzeyi ABŞ-ın ən böyük və dünyada ən çox ziyarət olunan sənət muzeylərindən biridir. On iki böyük bölmədən ibarət muzeydə iki milyondan artıq dəyərli sənət əsəri yer alır. 
   Şəhərin Manhattan bölgəsindəki mərkəzi parkın şərq qurtaracağında yerləşən muzeyin əsas binası dünyanın ən böyük sənət qalereyalarından biridir. Muzeyin nisbətən kiçik ikinci binası isə orta çağ Avropasından sənət və memarlıq əsərlərinin geniş kolleksiyasını əhatə edir. 
   Muzeyin çox dəyərli, zəngin kolleksiyası klassik antik və qədim Misirdən gələn əsərlər, eləcə də Avropa sənətkarlarının tabloları, heykəlləri və dünyanın çağdaş sənət eksponatlarından yaranıb. Afrika, Asiya, Bizans, hind və islam sənətkarlığından formalaşan kolleksiyada musiqi alətləri, kostyumlar və aksessuarlarla yanaşı, dünyanın dörd bir yanından antik silah və zireh örnəkləri də qorunur.
   1870-ci ildə yaradılan muzeyin 20 fevral 1872-ci ildə açılışı olub. Muzey dövlət tərəfindən rəsmi qərarla yaradılsa da, onun qurulması üçün zəngin iş adamları da çox çalışıb dünyanın harasında insan yaradıcılığı olan dəyərli sənət əsərləri varsa, tapıb bura gətiriblər. Məqsəd dünyanın sənət incilərilə amerikalıları tanış etmək olub.
   Muzeyin ilk direktoru kolleksioner Con Taylor Conson olub. Əslində onunla yanaşı, muzeyin idarəçiləri arasında çağının bir çox tanınmışları da vardı. 1879-1904-cü illərdə Roma daş məzarları və Avropa rəssamlığına aid 174 əsər muzeyin eksponatları arasına qatılıb. 1873-cü ildə muzey məşhur Cesnola kolleksiyasını satın alır, bununla muzeyin eksponatları çoxalır. Muzey 1879-1995-ci illərdə Metropolitan incəsənət məktəbləri açaraq insanların sənətlə bağlı dünyagörüşünü artırırdı. 
   1946-cı ildə muzey müxtəlif tədbirlərlə 75-ci ildönümünü keçirdi. Muzeyin direktor yardımçısı Tomas Vatson mərkəzi binanın yenilənməsi və genişləməsi üçün hədiyyə toplama kampanyası başlatdı. Sonrakı planlar içərisində Whitney Amerikan Sənət Muzeyinin Metropolitan Muzeyinə birləşdirilməsi də yer tuturdu.
   1950-ci illərdə kolleksiyaçı Robert Lehmanın mülkündən böyük bir miras muzeyə qatılmaqla genişləndirildi. Lehman 1911-ci ildə atası tərəfindən əsası qoyulan bir sənət kolleksiyası yaratmışdı. 1950-ci illərdə muzeyin idarə heyətinin sədrliyinə gəlmədən öncə o, bura üçün böyük işlər gördü. 1969-cu ildə onun ölümündən sonra Robert Lehman Vəqfi Metropolitan Muzeyinə 3000-ə yaxın əsər bağışladı. 1975-ci ildə xalqın istifadəsinə verilən həmin əsərlər indiyə qədər ABŞ-da toplanan ən qeyri-adi özəl sənət kolleksiyalarından biri kimi dəyərləndirilir. 
   
   S.Qaliboğlu