Azərbaycan
   
   6 sentyabr 1935 - Şair, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: "Dağlar marala qaldı", "Ömür payı" və s. 
   
   7 sentyabr 1914 - Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" və s. kitabların müəllifidir.
   7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.
   7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi mahiyyətini tədqiq edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektorudur.
   7 sentyabr 1961 - Sənətşünaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifidir. 2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. 

   8 sentyabr 1928 - Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966-1968) olub, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, ABŞ-da, Almaniyada, Rusiyada şəxsi qalereyalarda saxlanılır.
   8 sentyabr 1949 - Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
   8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitabların, televiziya verilişlərinin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   8 sentyabr 1982 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 - 1982) vəfat edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
   8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. Konfransda “Bakı bəyannaməsi” qəbul edilib, İpək Yolu təşəbbüslərinin əsası qoyulub.
   
   Dünya
    
   6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
   6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
   6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
   
   7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
   7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.
   7 sentyabr 1909 - Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu, 1909-2003) İstanbulda anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954). 
   
   8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
   8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.
   8 sentyabr 1923 - Avar şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) Dağıstanın Xunzay rayonunun Tsada kəndində doğulub. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib.
   8 sentyabr 1925 - İngilis aktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
   8 sentyabr 1937 - Tanınmış türk aktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s. Şeirlər yazır.
   
   Hazırladı: Vüqar Orxan