Noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə Fransanın Luvr Muzeyinin filialının təntənəli açılış mərasimi olacaq. 
   Filialın direktoru Məhəmməd Xəlifə Al-Mübarəkin sözlərinə görə, muzeyi Abu-Dabi üçün ilin ən münasib vaxtında açmaq planlaşdırılır. Yaxın Şərqdə ilk universal muzeyin yaradılmasını qeyd etmək üçün mədəni proqram - rəqslər, konsertlər, nümayişlər, klassik və müasir rəssamların iştirakı ilə konfranslar təşkil ediləcək. Al-Mübarək onu da qeyd edib ki, muzey insanları təkcə daimi ekspozisiyası ilə deyil, həm də mədəniyyət tədbirləri ilə cəlb edəcək.
   Luvr Muzeyinin təqribən 86 min kvadratmetr sahəsi olan filialı Saadiyyat adasında yerləşir. Onun kolleksiyasında təqribən 700 sənət əsəri var. Onların bir hissəsini BƏƏ hökuməti, qalan hissəsini Fransa muzeyləri təqdim edib. Məsələn, ekspozisiyada Fransanın 13 iri mədəniyyət ocağından, o cümlədən Parisin Luvr, Orse və Pompidu muzeylərindən eksponatlar, Klod Manenin “Sen-Lazar vağzalı” əsəri, Vinsent van Qoqun avtoportreti, Leonardo da Vinçinin “Gözəl Ferronyera” əsəri yer alıb. Yeri gəlmişkən, “Gözəl Ferronyera” İntibah dövrünün Yaxın Şərqdə nümayiş etdirilən birinci əsəri olması üçün ilk dəfə Avropanı tərk edəcək.
   Gözlənildiyinə görə, muzeyin təntənəli açılış mərasimində Fransa Prezidenti Emmanuel Makron iştirak edəcək.