Azərbaycan
   
   18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında, Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb. Filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
   18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. 6 fəsil, 32 maddədən ibarət sənəd Azərbaycanın müstəqilliyinin konstitusion əsaslarını müəyyənləşdirdi.
   
   19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) Bakıda anadan olub.
   19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 - 1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.
   
   20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
   20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913 - 27.9.1977) İrəvanda doğulub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, Belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. 
   20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
   20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.
   20 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanınması haqqında dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
   20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.
   20 oktyabr 1940 - İctimai-siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tiflisdə doğulub. Azərbaycanın baş naziri, xarici işlər naziri olub. 2010-cu ildən ölkəmizin Polşada səfiridir. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, N.Nərimanov haqqında monoqrafiyanın, tarixi mövzuda kitabların müəllifidir. 
   
   Dünya
   
   18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
   18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
   18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.
   
   19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino; 1433-1499) anadan olub. 
   19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
   19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.
   
   20 oktyabr - Beynəlxalq kulinariya günüdür (İnternational Chefs Day). 2004-cü ildə Dünya Kulinariya Cəmiyyətləri Assosiasiyası tərəfindən təsis olunub.
   20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub. 
   20 oktyabr 1905 - Amerikalı yazıçı, detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan; 1905-1982) anadan olub.
   20 oktyabr 1919 - Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan