Britaniyanın BBC teleradio yayım şirkəti 2018-ci ildə inşa ediləcək səkkiz ən innovativ və maraqlı binaların adını açıqlayıb. Helsinkidəki “Amos Rex” muzeyi də bu siyahıya daxil edilib. Yeni muzey kompleksi əvvəllər Helsinki avtovağzalının olduğu Lasipalatsinaukio meydanındakı “Şüşə saray”da (Lasipalatsi) və yerin altında yerləşəcək.
   Yeraltı muzeyin tikintisi ilə yanaşı 1935-ci ildə funksionalizm tərzində inşa edilmiş “Şüşə saray”ın əsaslı təmiri də aparılır. İnşaat işlərini və muzeyin fəaliyyətini İsveç fondu Föreningen Konstsamfundet maliyyələşdirir. 
   Dünyanın ən innovativ tikililəri siyahısına Gizada yerləşən Böyük Misir Muzeyinin yeni binası, Çindəki Uxan Qrinlend Mərkəzinin 120 mərtəbəli göydələni, Kopenhagendəki BLOX binası, Fransanın Narbon şəhərində qədim Roma qalasının bərpa işləri ilə tanış olmaq imkanı verən muzey və Dandi şəhərində açılacaq Şotlandiyanın ilk dizayn muzeyi də daxildir.