Azərbaycan
   
   6 fevral 1924 - Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, "Qətl günü" və s. filmlərdə çəkilib. 
   6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
   6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Buta” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   6 fevral 1946 - Xalq artisti Yusif Axundzadə Bakıda doğulub. Müdafiə Nazirliyi hərbi orkestr xidmətinin rəisi və baş dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının professorudur.
   6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 - 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. “Şöhrət” ordeni ilə təltif edilib.
   
   7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
   7 fevral 1924 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda doğulub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafında xidmətləri var.
   
   8 fevral 1928 - Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov anadan olub. “Şöhrət” ordeni (2000) ilə təltif olunub. 
   8 fevral 1992 - Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 - 1992) vəfat edib. İlk milli uşaq baletinin (“Qaraca qız”), musiqili komediyaların («Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” və s.), simfonik əsərlərin, mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub. 
   
   Dünya
   
   6 fevral 1894 - Gürcü rejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
   6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.
   
   7 fevral 1885 - Amerika yazıçısı, amerikalı ədiblər arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir. 
   7 fevral 1929 - Türk şairi və aktrisası Könül Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir.
   7 fevral 1812 - İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. Realist sosial romanın yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir. 
   
   8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.
   8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib. 
   
   Hazırladı: Vüqar Orxan