Azərbaycan
   
   17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   17 mart 1919 - Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb. 
   17 mart 1932 - Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufiliyin tarixi, Nizami, Nəsimi və Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.
   
   18 mart 1916 - Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 - 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin "Yeddi cam" əsərini farscadan tərcümə edib. 
   18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 - 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s. 
   18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Köç” romanı, povest, pyes və ssenarilərin müəllifidir. Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
   
   19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
   19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanda sovet hökumətinin ilk rəhbəri olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə dünyasını dəyişib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir. 
   19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.
   
   20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən xalqımız Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Sovet dövründə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırılıb, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib. 
   20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun birinci və uzun illər əvəzsiz ifaçısı olub. 
   20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.
   20 mart 1912 - Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycan Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.
   20 mart 1933 - Şair, publisist, dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli (1933-2012) Qusar rayonunun Sudur kəndində anadan olub.
   
   Dünya
    
   17 mart 1856 - Polyak əsilli Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.
   17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.
   17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri: “Çörək və tamaşa”, “Alman dili dərsi” və s.
   17 mart 1938 - Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.
   
   18 mart 1842 - Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stephane Mallarme; 1842-1898) anadan olub.
   18 mart 1844 - Rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
   18 mart 1938 - Hind aktyoru, rejissor, prodüser Şaşi Kapur (Shashi Kapoor; 1938 - 4.12.2017) anadan olub. Rac Kapurun kiçik qardaşıdır. Məşhur filmləri: “Üçdişli”, “Məhəbbət həyatdır” və s.
   18 mart 1959 - Fransız rejissoru, ssenarist Lük Besson (Luc Besson) anadan olub. “Leon”, “Janna D’Ark” və s. filmlərə quruluş verib. 
   
   19 mart 1895 - Görkəmli Ukrayna şairi, tərcüməçi, ədəbiyyatşünas Maksim Faddeyeviç Rılski (1895-1964) anadan olub. 
   19 mart 1949 - Rusiyanın Xalq artisti, estrada müğənnisi Valeri Leontyev anadan olub. 
   19 mart 1955 - Amerika aktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı 
   hiss” və s. 
   
   20 mart 1741 - Fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon, 1741-1828) anadan olub. Psixoloji portretlər ustası kimi tanınıb, Volter, Russo və s. məşhur simaların büstlərini yaradıb. 
   20 mart 1828 - Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.
      
   Hazırladı: Vüqar Orxan