Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə mükafata layiq görülüb
   
   Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci ildir ki, hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
   Aeroportun mətbuat xidmətindən bildirilib ki, “Skytrax” mükafatının təntənəli təqdimat mərasimi Stokholmda (İsveç) keçirilib.
   Azərbaycanın əsas hava limanı MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına yenidən başçılıq edib. Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il 5 milyona qədər sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutub. Siyahıya London-Siti aeroportu başçılıq edir.
   Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olub.
   “Skytrax” tərəfindən keçirilən və 550 hava limanını əhatə edən sərnişinlərə xidmət və şəraitin qiymətləndirilməsi dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya dövründə “Skytrax” həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.