Azərbaycan
   
   31 mart Azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ilin martında erməni silahlı dəstələri Bakıda, Qarabağda, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. 30-31 mart və 1 apreldə Bakıda 12 minədək insan qətlə yetirilmişdi.
   31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olub.
   31 mart 1936 - Xalq artisti, bəstəkar Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib. 
   
   1 aprel 1916 - Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.
   1 aprel 1953 - Yazıçı-publisist, millət vəkili Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. Əsərləri: “Batmanqılınc”, “Qiyamət gecəsi”, “Dolu” və s. 
   1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 - 1954) vəfat edib. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib. 
   1 aprel 1981 - Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 - 1981) vəfat edib. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızılgül olmayaydı" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes) və s. Rus dilindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1946-1948) olub. 
    
   2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 - 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.
   2 aprel 1931 - Xalq rəssamı Altay Əmir oğlu Hacıyev anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Aşıq Pəri” və s.) əsərlərin müəllifidir.
   2 aprel 1932 - Ədəbiyyatşünas, tərcüməçi, professor Xeyrulla Salman oğlu Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub. Milli Məclisin üzvü (1990-1995) olub.
   2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal edib. İşğal nəticəsində rayonun 6 mindən çox sakini didərgin düşüb, rayon mərkəzi, 130-a yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" kurort kompleksi xarabazara çevrilib.

    3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. İki dəfə Stalin mükafatına layiq görülüb.
   3 aprel 1922 - Tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.
   3 aprel 2008 - Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində (“Arşın mal alan” - Asya, “Sevil” - Gülüş) çıxış edib, Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.
    
   Dünya
   
   31 mart 1596 - Fransız filosofu Rene Dekart (Rene Descartes, 1596 - 11.2.1650) anadan olub. 
   31 mart 1732 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir. 
   31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz; 1914-1998) anadan olub.
   31 mart 1926 - İngilis yazıçısı, postmodernizmin tanınmış nümayəndələrindən biri Con Faulz (John Fowles; 1926-2005) anadan olub.
   
   1 aprel bir sıra ölkələrdə “Gülüş və zarafat günü” kimi qeyd edilir. Avropada XVI əsrdən qeyd olunmağa başlanıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin başlanmasının 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “Yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
    1 aprel 1809 - Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski); 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri, “Şinel”, “Taras Bulba” povestləri və s. əsərlərin müəllifidir. 
   1 aprel 1873 - Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib. 
   
   2 aprel 1840 - Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir. 
   2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” elan olunub. 1967-ci ildən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə qeyd edilir.
   2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks Ernst (1891-1976) anadan olub.
    
   3 aprel 1783 - Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayə və esseləri ilə tanınıb. Görkəmli insanların həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.
   3 aprel 1918 - Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Tavriya”, “Məhəbbət sahili”, “Qan damlası” və s. romanların müəllifidir.
   3 aprel 1924 - Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar” mükafatı, 1954), “Xaç atası” (“Oskar”, 1972), “Parisdə sonuncu tanqo”, “Apokalipsis bu gün” və s.
   
   Hazırladı: Vüqar Orxan