Azərbaycan
   
   4 aprel 1913 - Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Teatrında, Akademik Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s. Bədii qiraət ustası kimi tanınıb, bir çox filmlərdə əsas rolları səsləndirib.
   4 aprel 1898 - Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub. 30-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
   4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 - 22.7.2011) Göyçayda anadan olub. 
   4 aprel 1935 - Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 - 22.12.2016) Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, 
   “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Nəsimi”, “Nizami”, “Ölsəm... bağışla” və s.) maraqlı obrazlar yaradıb. 
   4 aprel 1953 - “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ildən ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı. 
   
   5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940-2002) Şəkidə anadan olub. 
   5 aprel 1909 - Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Musiqi mədəniyyəti tariximizdə yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. Tamaşalara musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
   5 aprel 1945 - Bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, musiqili komediya və s. əsərlərin müəllifidir. Filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb. 
   5 aprel 1947 - Rejissor, Xalq artisti Vaqif Firudin oğlu Əsədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1989-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərir. 
   
   Dünya
   
   4 aprel 1818 - İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub. 
   4 aprel 1932 - Rus kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.
   
   5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trilogiya), “Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti”.
   5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə “Oskar” mükafatı alıb.
   5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan