Tanınmış özbək rejissoru Rəşid Malikovun “Səbat” (“Sabot”) filmi 40-cı Moskva Beynəlxalq Kino Festivalının rəsmi müsabiqə proqramına daxil edilib. 
   Filmin süjeti real hadisələr üzərində qurulub. Baş qəhrəman Seydulla (Kərim Mirxodiyev) Əfqanıstan müharibəsində xidmət etmiş komandirdir. Müharibə ilə bağlı xatirələri onu rahat buraxmır, həlak olmuş dostu da daim onun “yanındadır”. Süjetə görə, ağır xəstə olan Seydulla ölümündən əvvəl məktəbdə şagirdlərə kömək edir, həm də öz yarımçıq işlərini bitirir... 
   “Səbat” insanın rastlaşa biləcəyi ən gərgin münaqişələrdən birinə - insanın öz-özü ilə münaqişəsinə həsr olunub. Filmdə Özbəkistanın Kərim Mirxodiyev, Seydulla Moldaxanov, Nigora Kariboyeva, Bekzod Xamrayev və digər məşhur aktyorları çəkiliblər. 
   Yeri gəlmişkən, 40-cı Moskva Beynəlxalq Kino Festivalı aprelin 19-dan 26-dək keçiriləcək. Bu festival “A” sinif festival kateqoriyasına, yəni dünyanın ən nüfuzlu kinoforumlarına aid edilir. 

Gülcahan Mirməmməd