Birləşmiş Ərəb Əmirliklərinin “Al Khaleej” qəzetində Azərbaycanın turizm cəlbediciliyindən bəhs edən “Bakı - turist və səyahətçilər üçün cəlbedici istiqamətdir” sərlövhəli məqalə dərc olunub.
   Məqalədə dünyada turizm populyarlığı getdikcə daha da artmaqda olan Bakının görməli yerləri, qədim tarixi və zəngin mədəni-tarixi abidələri barədə geniş məlumat verilir. Qeyd olunur ki, məşhur turizm istiqaməti olan Azərbaycan turistlərə ölkə ilə yaxından tanış olmaq üçün maraqlı tədbirlər və marşrutlar təklif edir.
   Məqalədə Xəzərin sahilində, paytaxt Bakıda UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Şirvanşahlar sarayı və Qız qalasının yerləşdiyi İçərişəhər, eləcə də Bakıdan 60 km məsafədə yerləşən Qobustan qoruğundakı minilliklərlə yaşı olan qayaüstü rəsmlərdən bəhs olunur. Həmçinin səyahətçilər üçün böyük maraq kəsb edən Azərbaycanın Xalça Muzeyi, Yanardağ təbiət abidəsi, palçıq vulkanları və ölkədə hər il böyük təmtəraqla keçirilən Novruz bayramı şənliklərindən söhbət açılır.