Türkdilli xalqların ortaq eposu olan “Qorqud Ata”nın 16 qolu və 9 küyü (qazax və qırğızların milli kobız, dombra kimi alətlərdə ifa etdikləri 2-4 dəqiqəlik instrumental pyes) Tokio Universitetində nəşr edilən "Dünya musiqi audioensiklopediyası"nın növbəti toplusuna daxil edilib. 
   Əsərlər Aralyanı bölgənin dastançılarının dilindən lentə alınıb. Bu uğurdan ruhlanan bölgənin mədəni ictimaiyyəti Qızıl Orda vilayətinin Karmakşi rayonunda Qazax Ənənəvi Sənət Akademiyasının açılması barədə təşəbbüs irəli sürüb. Karmakşili Bakbergen Bekniyazov ağacdan Dədə Qorqud qopuzunun varisi sayılan kobız musiqi alətini düzəldən nadir ustalardandır. Bu sənəti babasından öyrənib, öz təcrübə və biliyini böyüyən nəslə ötürmək niyyətindədir: "İstəyirəm ki, emalatxana açım, istedadlı gənclərə ağacdan milli suvenirlər, qablar və musiqi alətləri düzəltməyi öyrədim. Bizim bütün mədəni irsimiz dombra və kobızın səslərində toplanıb".
   Oğuzlar dövrünün daş kobızı Qazaxıstanda indiki Qorqud Ata kompleksinin yaxınlığında tapılıb. Qədim Sortobe şəhərciyində aşkar edilmiş qiymətli arxeoloji tapıntılar isə sübuta yetirir ki, IX-X əsrlərdə burada oğuz mədəniyyəti çiçəklənibmiş. Mütəxəssislər əbəs yerə Karmakşi rayonunu ənənəvi musiqi sənəti qoruyucularının cəmləşdiyi yer adlandırmır və onu Qorqud Atanın adı ilə bağlamırlar. Dastan söyləyən jırau (akından, yəni aşıqdan fərqli olaraq, jırau özü nəğmə və söz qoşmur, yalnız ifaçılıqla məşğuldur) sənəti də məhz bu rayonda yaranıb. 

Gülcahan Mirməmməd