Azərbaycan
   
   14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
   14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907 - 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
   14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.
   14 aprel 1950 - Teatrşünas, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əli qızı Əlizadə Bakıda anadan olub. 
   
   15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 - 19.2.1983) anadan olub.
   15 aprel 1905 - Memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Nizami” kinoteatrı, Bakı Musiqi Akademiyasının binası və s. tikililərin layihələşdirilməsində iştirak edib. 
   15 aprel 1907 - Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
   15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-1990) anadan olub.
   15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.
   
   16 aprel 1934 - Bəstəkar, Xalq artisti Ramiz Aqil oğlu Mirişli (1934 - 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, “Amerikalı kürəkən” və s.), simfonik əsərlər, çoxsaylı mahnılar ("Oxu, tar", "Dalğalar", "Bayram axşamları" və s.), "Alma almaya bənzər", “Qəzəlxan” və s. filmlərə musiqi yazıb. 
   16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
   16 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
   
   Dünya
   
   14 aprel 1925 - Amerika aktyoru, «Oskar» laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.
   14 aprel 1930 - Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar da çəkilib) və s.
   
   15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunur. Günün tarixi rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (Rerix paktı) imzalanması ilə bağlıdır. Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində inkişaf etdirilib.
   15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s. 
   15 aprel 1489 - Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489 - 7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir. 
   15 aprel 1949 - Rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə 250 milyon tirajla yayılıb.
   15 aprel 1949 - Türk aktyoru Kadir İnanır anadan olub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s. 
   
    16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s. 
   16 aprel 1889 - Məşhur ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", “Böyük diktator" və s. Fəxri “Oskar”a (1972) layiq görülüb. 
   16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan