Azərbaycan
   
   21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 - 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, Moskonsertin solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb. 
   
   22 aprel 1894 - Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", “Görüş”, "Şərikli çörək" və s. filmlərdə maraqlı obrazlar yaradıb. 
   22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 - 10.5.1994) anadan olub.
   22 aprel 1942 - Görkəmli aktyor, rejissor Həsən Əbluç (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maralı obrazlar yaradıb.
   22 aprel 1911 - Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
   
   23 aprel 1909 - Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909-1981) anadan olub.
   23 aprel 1922 - Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist, professor Aida Həmdulla qızı Abdullayeva (1922-2010) anadan olub.
   23 aprel 1938 - Xalq artisti, rejissor, operator Vaqif Qulam oğlu Behbudov anadan olub. Bir çox cizgi filmlərinin rejissorudur, sənədli filmlər çəkib.
   23 aprel 1953 - Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub. 1996-cı ildən Opera və Balet Teatrının baş dirijorudur.

   Dünya
   
   21 aprel 1816 - İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
   21 aprel 1922 - Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qaraqulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s. 
   
   22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding; 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
   22 aprel 1724 - Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724 - 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
   22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
   22 aprel 1937 - Amerika aktyoru Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s. 
   
   23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.
    23 aprel 1616 - İngilis şairi və dramaturqu Uilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” 
   və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
   23 aprel 1616 - İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
   23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
   23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
   
   Hazırladı: Vüqar Orxan