Azərbaycan
   
   1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.
   1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910-1992) Şuşada doğulub. Operalarda Leyli ("Leyli və Məcnun", “Aşıq Qərib" və s.) əsas partiyalarda çıxış edib.
   1 may 1918 - “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri şəhərdə, eləcə də sonrakı günlərdə Qubanın kəndlərində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qırğın törədiblər. Quba qırğınlarında 3 minədək insan qətlə yetirilmişdi. 
   1 may 1934 - Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Küçələrə su səpmişəm”), teletamaşa (“Qatarda”) çəkilib.
   1 may 1936 - Tanınmış dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 -27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
   1 may 1938 - Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Əvəz oğlu Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. 
   1 may 1940 - Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 
   1 may 1941 - Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Dövlət Rəssamlıq Akademiyasının professorudur.
   1 may 1947 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev; 1947 - 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə ("Yalan", "Fəryad" və s.) musiqi yazıb. 
   1 may 1950 - Yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 - 1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. Milli Dram Teatrında çalışır. Teletamaşalarda ("Səni axtarıram", "Evləri köndələn yar"), kinoda ("Qaçaq Nəbi") yaddaqalan obrazlar yaradıb.
   
   2 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistentidir.
   2 may 1920 - Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1920 - 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Uşaqlığın son gecəsi” və s.
   2 may 1927-ci il Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927-2003) Qəbələ şəhərində anadan olub. 
   2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
   2 may 1939 - Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 - 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Bəstəkarlar İttifaqının katibi olub.
   
   3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. Akademik Dram Teatrında çalışıb. «Atayevlər ailəsi», «Alov» teletamaşalarında, “İstintaq davam edir”, «Dağlarda döyüş», «Nəsimi» və s. filmlərdə çəkilib.
   3 may 1857 - Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrımızın əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
   3 may 1940 - Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov Gürcüstanda, Borçalı bölgəsinin Yuxarı Saral kəndində anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
   3 may 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cəmil Fikrət oğlu Əmirov anadan olub. İnstrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Sənədli və qısametrajlı filmlərə musiqi yazıb.
   3 may 1995 - Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.
   
   4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
   
   Dünya
    
   1 may 1881 - Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
   1 may 1924 - Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
   1 may 1924 - Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
   
   2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
   2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
   2 may 1911 - Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. 
   
   3 may Beynəlxalq söz və mətbuat azadlığı günüdür (World Press Freedom Day). 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
   3 may 1469 - İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolo Machiavelli; 1469 - 22.6.1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsəri xüsusilə məşhurdur. “Florensiya tarixi”ni yazıb.
   3 may 1910 - Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
   
   4 may 1770 - Fransız rəssamı Frasua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında işləyib.
   4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), “Hərb və sülh” (Nataşa Rostova) və s. 
   4 may 1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. “Brokhaus” ensiklopedik nəşriyyatının qurucusudur. 
   
   Hazırladı: Vüqar Orxan