Türkmənistanın məşhur opera müğənnisi, öz ölkəsində Avropa bəstəkarlarının əsərlərinin ilk ifaçısı Maya Kuliyeva aprelin 27-də 98 yaşında vəfat edib. 1920-ci ilin 1 mayında Aşqabad yaxınlığındakı Bezməin aulunda dünyaya gəlmiş gələcəyin opera divası valideynlərini erkən itirdiyindən uşaq evində tərbiyə alıb. Qadın Pedaqoji Məktəbində təhsil alarkən özfəaliyyət kollektivlərinin respublika müsabiqəsində çıxışı gələcəyin müəlliməsinin həyat yolunu başqa istiqamətə çevirir: o, Moskva Konservatoriyasının milli şöbəsində təhsil almağa başlayır. 
   Maya Kuliyeva 1941-ci ildən taleyini Məhtimqulu adına Türkmənistan Opera və Balet Teatrına bağlayır, adı Avropa opera repertuarının ilk türkmən ifaçısı kimi tarixə düşür. İlk milli operalarda demək olar ki, bütün soprano qadın partiyaları məhz Maya Kuliyeva üçün yazılıb. Zöhrə (A.Şapoşnikov və V.Muxatov, “Zöhrə və Tahir”), Sona (A.Ağacikov, “Sona”), Şahsənəm (A.Şapoşnikov və D.Ovezov, “Şahsənəm və Qərib”), Leyli (Y.Meytus və D.Ovezov, “Leyli və Məcnun”) partiyalarının ilk ifaçısı olmuş vokalçı xanım filmlərdə çəkilib, konsert proqramları ilə bütün ittifaqda çıxış edib.
   1955-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüş Maya Kuliyeva vokalçı karyerasını başa vurduqdan sonra doğma teatrda quruluşçu rejissor, baş rejissor olaraq çalışıb, gənc vokalçılara dərs deyib. 2001-ci ildə prezident Saparmurat Niyazovun opera teatrını bağlamaq qərarından 2006-cı ildə musiqili teatrın bərpasınadək keçən beş ili ömrünün ən mənasız illəri hesab edən Maya Kuliyeva ahıl çağında yenidən milli opera sənətinin dirçəlişinə qoşulur. 2008-ci ildə milli mədəniyyətin və incəsənətin inkişafına töhfələrinə, böyük yaradıcılıq uğurlarına, gənc nəslin tərbiyəsində böyük işlərinə görə “Türkmənistan Qəhrəmanı” fəxri adına layiq görülür və “Altun Ay” qızıl medalı ilə təltif edilir. 
   Maya Kuliyevanın həyat yoldaşı Xocadurdı Annayev (1918-2000) də opera müğənnisi, Türkmənistanın Xalq artisti olub.

Gülcahan Mirməmməd