İyunun 7-də Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Ukrayna dilində “Azərbaycan mətbəxi haqqında rəvayətlər” (“Skazannya pro azerbaydjansku kuxnyu”) kitabının təqdimat mərasimi keçirilib.

Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə işıq üzü gördüyünü bildirib. Diqqətə çatdırıb ki, Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti tərəfindən “ASPİ AQRO” MMC-nin (“Savalan” şərablarının istehsalçısı) sponsorluğu ilə nəşr olunmuş bu kitabın ilk təqdimatı Xarkovda keçirilib. Nəşrdə Azərbaycan mətbəxinin kabab, dolma, küftə, xaş, plov, xəngəl, paxlava və digər nümunələri, habelə samovar və armudu stəkan haqqında rəvayətlər yer alıb.
Kitaba Xarkov Texniki İqtisad Kollecinin direktoru, Ukrayna Kulinariya Assosiasiyasının vitse-prezidenti Lyudmila Radçenko, Xarkov İctimai İaşə və Ticarət Universitetinin rektoru, professor Aleksandr Çerevko, “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov ön söz yazıblar.
Murad Ömərov bildirib ki, kitabın nəşrində məqsəd Azərbaycan xalqının çoxəsrlik mədəni ənənələrinin qorunması, milli mətbəx haqqında geniş məlumatın ukraynalı oxuculara çatdırılmasıdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva kitabın iki xalq arasında dostluq əlaqələrinə töhfə olduğunu deyib.