Fransada fəaliyyət göstərən “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri ölkəmizin səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
Assosiasiya üzvlərinə tariximiz, mədəniyyətimiz, ənənələrimiz haqqında geniş məlumat verilib. Ölkəmizin görməli yerlərini və mədəni irs abidələrini əks etdirən videoçarxlar nümayiş olunub.
Fransa-Amerika Administrativ Şurasının vitse-prezidenti, “İncəsənət və Mədəniyyət Assosiasiyasının prezidenti Nikol Torcman çıxış edərək Mədəniyyət mərkəzi, onun yerləşdiyi məhəllənin tarixi haqqında məlumat verib.
Assosiasiyanın üzvləri mərkəzdə fəaliyyət göstərən muzeydə tariximiz, milli geyimlərimiz, qədimdə istifadə edilmiş məişət avadanlıqlarından ibarət eksponatlarla, eləcə də ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edən sərgi ilə tanış olublar. Onlar Bakıya səyahət etmək, şəhərin gözəlliklərini görmək arzularını bildiriblər.
Sonra gənc pianoçu Etibar Əsədli “Ala gözlüm”, “Zübeydə” mahnılarını və milli caz musiqisi nümunələrini səsləndirib.
Qeyd edək ki, “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri Fransada akkreditə olunmuş qadın səfirlər və ya səfirlərin həyat yoldaşları, eləcə də müxtəlif ölkələrin səfirliklərində fəaliyyət göstərən diplomat qadınlardan ibarətdir.